Ru
16:11 / 15 Oktyabr 2026

Tramp-Putin cütlüyü Zelenskiyə qarşı: Kiyev iki od arasında qalıb

Tramp-Putin cütlüyü Zelenskiyə qarşı: Kiyev iki od arasında qalıb
Eye

Son vaxtlar ABŞ rəsmiləri və onlara bağlı biznes adamlarının Ukraynaya, xüsusən də Prezident Volodimir Zelenskiyə qarşı təpkiləri xeyli artıb. ABŞ Prezidenti Donald Trampın Rusiyanın yanacaq infrastrukturuna zərbələri dayandırması tələbinin Zelenski tərəfindən qulaqardına vurulması birincinin, hələlik açıq şəkildə olmasa da, yenidən Ukrayna liderinə qarşı kəskin mövqe sərgiləməsinə səbəb olub. Əvvəlcə ABŞ sanksiyalar altında olan Rusiyadan dizel yanacağı almağa başladı. Ardınca Tramp növbəti dəfə Ukraynada prezident seçkilərinin keçirilməsi və Zelenskinin əvəzlənməsi vacibliyini önə çəkdi.

Bununla da ABŞ-də Zelenskiyə qarşı kampaniyaya start verildi. Trampın açıqlamasının ardınca bir sıra Amerika mətbuatı Ukraynada Prezidentliyə namizədlərin siyahısını və onların reytinqini dərc etdi.

Daha sonra “SpaceX”in qurucusu Elon Mask da Ukrayna Prezidenti Volodimir Zelenskinin istefaya getməsinin vaxtı çatdığını bəyan etdi. O, bunu sosial media platforması “X”də siyasi şərhçi Aleksandr Muzun paylaşımına şərh verərək yazıb.
Görünən odur ki, ABŞ-də artıq Ukrayna Prezidentinə qarşı hücum kampaniyasına start verilib. Rəsmilər və onlara bağlı qüvvələr hər vəclə çalışırlar ki, Zelenski hakimiyyətdən kənarlaşdırılsın. Məqsəd də Ukraynada iqtidara ABŞ-yə loyal və Rusiya ilə sövdələşməyə getməyə hazır birisini gətirtməkdir. Bu mənada Zelenski Trampın tələblərinə cavab vermir.

Amma Zelenski istefa vermək niyyətində olmadığını bildirib. Britaniyalı jurnalist Piers Morqanla müsahibəsində o, müharibə bitmədən seçkilərin keçirilməsini istisna edib. Ukrayna Prezidenti onu da qeyd edib ki, Rusiya 60 günlük tam atəşkəsə razılaşarsa, Ukraynada seçkilər keçirilə bilər.

Bu mesajı ilə əslində Zelenski topu Tramp tərəfə ataraq onun üzərinə öhdəlik qoymaq istəyir ki, tələb etdiyi seçkilərin baş tutması üçün Moskvanı ən azı 2 aylıq tam atəşkəsə məcbur etsin.

Zelenski özü də yaxşı bilir ki, Tramp buna getməyəcək. Çünki Trampın Rusiya prezidenti Vladimir Putinə təsir etmək imkanları və xüsusən də istəyi yox səviyyəsindədir. Tramp ikinci dəfə Av Evə “ayaq basan”dan bəri bir dəfə də olsun Putinə qarşı kəskin mövqe sərgiləməyib.

Zelenskinin cavabı Trampın ona qarşı təpkilərini heç olmasa zəiflətmək üçün atdığı uğurlu gediş sayıla bilər. Yəni Zelenski bununla Ukraynada tez bir zamanda seçkilərin keçirilməsində maraqlı olan Trampı prosesin təhlükəsizliyini təmin etməklə bağlı fakt qarşısında qoyur. Aydın məsələdir ki, Tramp mövcud situasiyada həmin təhlükəsizliyi təmin etmək iqtidarında deyil. Çünki Rusiya birmənalı olaraq 60 günlük tam atəşkəsə getməyəcək və Kremli “yumşaq sözlər”lə sülhə gətirmək qeyri-mümkündür.
Bunu artıq Kreml rəsmiləri də bəyan ediblər. Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskovdan dərhal reaksiya verərək deyib ki, Rusiya müvəqqəti atəşkəsdənsə, uzunmüddətli sülh sazişində maraqlıdır. Dmitri Peskov onu da bildirib ki, prezident Vladimir Putin yalnız seçkilərin keçiriləcəyi gün Rusiya ordusuna zərbələri dayandırmaq barədə göstəriş verməyə hazırdır.

Bu bir daha onu göstərir ki, Trampın Zelenskiyə qarşı təpkilərinin artmasında bir nömrəli məqsədi onun hakimiyyətdən uzaqlaşdırmaq və Ukraynada Ağ Evə loyal birisinin iqtidara gətirilməsidir.

Lakin Zelenskinin oynadığı gediş Trampın bu niyyətinin baş tutacağını sual altına qoyur və belədə müəyyən müddətə olsa Ağ Evdən gələn təzyiqlər güman ki, səngiyəcək.

Prosesin sonrakı gedişinin necə cərəyan edəcəyini isə noyabrda olacaq aralıq seçkilərinin nəticələri göstərəcək.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar