ABŞ Prezidenti Donald Trampın reytinqi siyasi karyerasının ən aşağı səviyyəsində qalmaqda davam edir.
“Bakupost” xəbər verir ki, Reuters və Ipsos-un keçirdiyi birgə rəy sorğusuna əsasən, amerikalıların yalnız 33 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyir.
Bu, ardıcıl üçüncü Reuters/Ipsos sorğusudur ki, Trampın reytinqi 33 faiz səviyyəsində qeydə alınır. Bu göstərici onun ikinci prezidentlik müddətinin əvvəlindəki 47 faizlik dəstəkdən xeyli aşağıdır.
Trampın hazırkı reytinqi onun sələfi Co Baydenin prezidentliyi dövründə qeydə alınmış ən aşağı göstəricidən də aşağıdır. Baydenin reytinqi 2024-cü ilin oktyabrında 35 faizə qədər enmişdi.
Sorğunun nəticələrinə görə, amerikalıların Tramp administrasiyasından narazılığının əsas səbəbləri iqtisadi vəziyyət, yaşayış xərclərinin artması və İranla müharibədir. Respondentlərin 71 faizi Trampın yaşayış xərcləri ilə bağlı siyasətini bəyənmir.
İranla müharibənin başlamasından sonra ABŞ-də benzin qiymətlərinin kəskin yüksəlməsi də Trampın mövqelərinə mənfi təsir göstərib. Sorğuda iştirak edənlərin yalnız 36 faizi İranla müharibəni dəstəklədiyini bildirib.
Qeyd edək ki, sorğu ABŞ üzrə 1167 nəfər arasında keçirilib. Sorğunun statistik xəta həddi təxminən 3 faiz bəndidir.
Rüfət Sultan,
BakuPost