Ru
15:36 / 13 Oktyabr 2026

Tramp Zelenskinin yerində kimi görmək istəyir? - Potensial namizədlər

Tramp Zelenskinin yerində kimi görmək istəyir?  - Potensial namizədlər
Eye

ABŞ Prezidenti Donald Trampın “Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdən getməlidir” çağırışından sonra ABŞ mətbuatı Ukraynada ona rəqib olacaq namizədlərin siyahılarını dərc etməyə girişib.

Amerikanın "Newsweek" jurnalı Volodimir Zelenskinin yerinə dörd namizədin adını açıqlayıb.

"Bakupost" xəbər verir ki, əsas namizədlər arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırkı Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Kirilo Budanov, keçmiş müdafiə naziri Mixaylo Fyodorov və keçmiş prezident Petro Poroşenko var.

Aydın məsələdir ki, Ukraynada hakimiyyət dəyişikliyinin baş verməsini istəyən Tramp Zelenskinin yerinə onun tələblərinə sözsüz əməl edəcək bir şəxsin gəlməsində maraqlıdır.

Adı çəkilən 4 namizəddən görəsən hansı biri Trampın istəyinə cavab verə bilər?

Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, bir qədər əvvəl Ukraynada aparılan rəy sorğularına görə Ukraynada Prezident olmağa ən real namizədlər Zelenski, Zalujnı və Budanovdur:

“Rəy sorğusuna görə, ikinci tur olarsa, Zalujnının seçilmə şansı daha yüksəkdir. Budanovun da şansı Zelenskidən yüksəkdir”.

Müsahibimiz qeyd edir ki, namizədlər içərisində sazişə qol çəkməyin tərəfdarı yalnız Zalujnıdır:

“O, ötən ilin dekabrında məqalə ilə çıxış edərək, açıq şəkildə bildirdi ki, Rusiya ilə sülh sazişi imzalanmalıdır. Ancaq problem odur ki, Zalujnıdan ötrü sülh sazişi müharibəni birdəfəlik bitirməyə yönəlməyib. Fasilə qazanıb, imkan düşən kimi, Rusiyanı məğlub etməyə çalışacaq. Zalujnı onu da deyib ki, əsas hədəfləri Rusiyanın parçalanması olmalıdır.

Bu baxımdan ekspertə görə, Trampın saziş barədə mövqeyini adı çəkilən namizədlərdən heç biri dəstəkləmir:

“Zalujnının mövqeyi Trampın mövqeyilə qətiyyən üst-üstə düşmür. Trampın arzuladığı sözəbaxan namizəd hələlik yoxdur. Ancaq hakimiyyətə gəlmək üçün müəyyən namizədlərin biri və yaxud bir neçəsi Trampla razılığa gələ bilər. Çünki onlar yaxşı başa düşür ki, Trampın istəmədiyi namizədin qalib gəlib hakimiyyətdə qalmağı çətin olacaq. Kəşfiyyat məlumatları verilməsə, “Starlinq” söndürülsə, Kiyev Rusiya qarşısında uzun müddət duruş gətirməyəcək. Bu səbəbdən hesab edirəm ki, qalib gəlmək şansı daha çox olan Zalujnı ola bilsin sazişlə bağlı düşüncələrinə yenidən baxıb, Trampın istədiyini qəbul edə bilər. Bu səbəbdən Zalujnını Trampın mövqeyinə ən yaxın namizəd hesab edirəm”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar