İsrail ABŞ-yə İranın prezident Donald Trampa qarşı yeni sui-qəsd planını nəzərdən keçirdiyini göstərən kəşfiyyat məlumatlarını təqdim edib.
"Bakupost" xəbər verir ki, məlumatı “The Wall Street Journal” mənbələrə istinadən yayıb.
Nəşr xatırladır ki, İran illərdir SEPAH-ın nüfuzlu generalı Qasım Süleymaninin prezident kimi ilk müddətində öldürülməsinə görə Trampdan qisas almaq niyyətində olduğunu açıq şəkildə bəyan edib.
Politoloq Natiq Miri
"Bakupost"a bildirib ki, ciddi kəşfiyyat məlumatı olmadan dövriyyəyə buraxılan bu cür informasiyalar daha çox insan zənninə dayanan məlumatlar şəklində təqdim olunmalıdır:
“Yəni onun gerçək və həqiqət kimi təqdim olunması doğru deyil. Ancaq bir məsələ gün kimi aydındır ki, İran gizlətmədən, açıq şəkildə ABŞ Prezidenti Donald Trampı öldürmək istədiyini bəyan edib. Yəni bu məxfi hadisə deyil. Hətta fevralda İrana qarşı hərbi əməliyyatlar başlamamışdan öncə də Tramp bildirmişdi ki, Tehran ABŞ-də seçki prosesindən öncə ona qarşı sui-qəsdlərdə bilavasitə iştirak edib”.
Müsahibimiz qeyd edir ki, İsrailin məqsədli olaraq dövriyyəyə buraxdığı informasiyanın nə qədər doğru olub-olmamasından asılı olmayaraq, İran rejimindəki radikal qanad hələ də Trampı öldürməkdə maraqlı olduğunu nümayiş etdirir:
“Onların belə bir imkan olduğu təqdirdə, birmənalı şəkildə bu fürsətdən istifadə edəcəkləri heç kimdə şübhə doğurmur.
Ona görə də informasiyanın doğru olub-olmadığını oturub gözləmək deyil, ABŞ xüsusi xidmət orqanlarına düşən əsas vəzifə Trampı daha yaxşı qoruya bilməkdir. Bu yöndə bəzi boşluqların olduğu da bəllidir.
İsrailin niyyətindən asılı olmayaraq, hər bir halda məlumat doğru və gerçək olaraq qəbul edilməlidir.
İran dini liderinin öldürülməsi bilavasitə Trampın razılığı ilə həyata keçirilib. Ona görə Əli Xameneinin öldürülməsindən sonra İranın radikal kəsimində qisasçılıq daha da güclənib. Onlar sadəcə zaman və imkanı gözləyirlər. Belə bir fürsət ələ düşərsə, radikal qanad düşünürəm ki, ondan istifadə edəcək”.
Bununla belə, ekspert sözügedən məlumatın Trampı yenidən İrana qarşı müharibəyə başlamağa sövq edəcəyini zənn etmir:
“Çünki belə bir təhlükənin real olduğunu Tramp əvvəlcədən də bilir və onlara belə bir imkanın verilməyəcəyinə də inanır. Həyata keçirilməyən bir niyyət, plan Tramp üçün sayılmamış hesab olunur”.
Rüfət Sultan,
BakuPost