ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlardan sonra Vaşinqton ilə London arasındakı münasibətlərin zəiflədiyini bildirib.
Bakupost.az xəbər verir ki, Tramp Britaniya mətbuatına açıqlamasında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr əsnasında Böyük Britaniya ilə əlaqələrin əvvəlki səviyyədə olmadığını deyib.
Trampın sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilkin mərhələdə ABŞ-nin İran əməliyyatlarında Britaniya hərbi bazalarından istifadəyə icazə verməyib və bu, münasibətlərdə qırılma nöqtəsi olub.
“İngiltərə ilə münasibətlərimiz digər ölkələrlə müqayisədə ən möhkəm idi. İndi Avropadakı başqa ölkələrlə də çox güclü əlaqələrimiz var. Britaniya ilə münasibətlərimizin artıq əvvəlki kimi olmaması çox üzücüdür”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Starmerin Vaşinqtona ilkin mərhələdə dəstək verməməsi onu təəccübləndirib. “Bunu İngiltərədən görəcəyim heç vaxt ağlıma gəlməzdi. Biz İngiltərəni sevirik”, – deyə o bildirib.
Tramp qeyd edib ki, sonradan Britaniya müəyyən şərtlərlə hərbi bazalardan istifadəyə razılıq verib, lakin bu qərarın gec qəbul edildiyini düşünür.
Müşahidəçilər hesab edirlər ki, İran ətrafında yaranmış gərginlik ABŞ–Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər və tərəflər arasında strateji koordinasiyanın gələcək istiqaməti diqqətlə izləniləcək.
Cavid, BakuPost