18 may axşamı ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi güc tətbiq etmək variantlarını təqdim etmək üçün milli təhlükəsizlik qrupunun iclasını çağırıb.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb.
Onlar qeyd edirlər ki, görüş əvvəlcə 19 maya planlaşdırılıb və bəzi administrasiya üzvləri Trampın İslam Respublikasına qarşı zərbələr barədə qərar verəcəyini gözləyirdilər. Lakin görüş nəticədə Amerika liderinin İrana hücumu təxirə saldığını elan etməsindən bir neçə saat sonra keçirilib. Görüşdə vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon katibi Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff iştirak ediblər: "O, İrana qarşı müharibədə gələcək tədbirlərə, diplomatik səylərin vəziyyətinə və ABŞ-ın İrana qarşı zərbələri üçün müxtəlif planlara diqqət yetirib".
Axios görüşü Amerika prezidentinin münaqişəni yenidən başlatmağı ciddi şəkildə düşündüyünə dair dəlil kimi qiymətləndirir. Bazar ertəsi günü Tramp Tehranla razılığa gəlmək ehtimalını əsas gətirərək Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarına gəldiyini açıqlayıb.