Ru
17:30 / 28 Sentyabr 2026

Trampın dizel qadağası: Qlobal bazarda qiymətlər necə dəyişəcək?

Trampın dizel qadağası: Qlobal bazarda qiymətlər necə dəyişəcək?
Eye

ABŞ Prezidenti Donald Tramp administrasiyasının dizel yanacağı ixracını qadağan etməyi ciddi şəkildə nəzərdən keçirdiyini və belə bir qərarı istisna etmədiyini bildirib.

“Bakupost” xəbər verir ki, o, bu açıqlamanı İllinoys ştatının Çikaqo şəhərətrafı ərazisində keçirilən "Presidents Cup" qolf turniri zamanı "Fox News"a müsahibəsində verib.

"Biz bunun ətrafında çox ciddi düşünürük. Bu, avtomobillər üçün benzinin qiymətinin müəyyən qədər artmasına səbəb ola bilər. Buna görə də məsələyə çox ciddi yanaşırıq, bunu edə bilərik", - Tramp deyib.

ABŞ-nin dizel yanacağı ixracını qadağan etməsi dünyada hansı proseslərə rəvac verə bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban “Bakupost”a bildirib ki, Vaşinqtonun bu addıma getməsi Amerika bazarında birmənalı olaraq yanacağın qiymətinin düşməsinə səbəb olacaq:

“Bu da aralıq seçkiləri ərəfəsi Tramp üçün vacib elementdir. Amerika həqiqi mənada qəribə ölkədir. O baxımdan ki, ən qatı kapitalizm məhz ABŞ-dədir. İstehsalçı kim daha çox pul verirsə, ona da satır. Bu mənada onlara Rusiya və Avropadakı kimi hansısa bir qadağa yoxdur. Belədə, tənzimləmə nəticəsində dizel yanacağının qiyməti Amerika daxili bazarında enə bilər”.

Ekspert qeyd edir ki, əvəzində digər bazarlarda dizel yanacağının qiyməti artacaq:

“Belə olan halda isə inflyasiyanın yaranması imkanı daha da genişlənəcək. Bu isə dünya üçün iqtisadiyyatın daralması deməkdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar