Ru
13:06 / 09 İyun 2026

Trampın “İranla sülh” mesajları nəyə hesablanıb?

Trampın “İranla sülh” mesajları nəyə hesablanıb?
Eye

ABŞ Prezidenti Donald Tramp İranla bağlı məsələdə növbəti dəfə optimist fikirlər səsləndirib.

Belə ki, Tramp Vaşinqton və Tehran arasında razılaşmanın iki-üç gün ərzində əldə olunacağını söyləyib.

O bildirib ki, güclü və ciddi bir razılaşmanın əldə olunmasına çox yaxındırlar.

Onun fikrincə, hazırda bunu etmək üçün çox yaxşı şanslar var.

ABŞ lideri tərəflərin mövqeləri arasında ciddi fikir ayrılığı, maneənin olmadığını da vurğulayıb.

Amma buna rəğmən tərəflərin hansısa ciddi razılaşmaya yaxın olduqları da sezilmir.
Siyasi şərhçi Taleh Əliyev Bakupost.az-a bildirib ki, Trampın bu fikirləri blef deyil, açıq şəkildə ağ yalandır:

“Təəssüf ki, ABŞ kimi dünyanın ən qüdrətli dövlətinin Prezidenti belə ağ yalanlarla dünya ictimaiyyətini aldatmağı özünə və dövlətinə rəva görür. Tərəflərdən heç biri hələ də prinsipial mövqelərindən geri çəkilməyib. ABŞ nüvə tədqiqatlarının dayandırılması, zənginləşdirilmiş uranın İrandan çıxarılmasını, uranın zənginləşdirilməsinin qarşısının alınmasını, raket proqramının dayandırılmasını, Hörmüz boğazının açılmasını tələb edir. İran isə ona dəyən 270 milyard dollarlıq kompensasiyanın ödənilməsini, dondurulmuş aktivlərinin verilməsini, sanksiyaların götürülməsi, körfəzdəki ABŞ hərbi qüvvələrinin ərazidən çıxarılmasını, Hörmüz üzərində tətbqi etdiyi yeni qaydaların tanınmasını tələb edir. Yəni heç bir tərəf öz tələblərindəın geri çəkilməyib. Belə olan halda, Trampın razılaşmaya çox yaxın olduqları barədə səsləndirdiyi fikirlər birmənalı olaraq ağ yalandır”.

Ekspertin fikrincə, Trampın bu yalanı söyləməsi heç də çarəsizlikdən irəli gəlmir.

Əksinə, həmsöhbətimiz düşünür ki, danışıqların nəticəsiz olaraq uzadılması İran daxilində iki ciddi problemin daha da dərinləşməsinə gətirib çıxarır:

“Əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşması ilə xalqla dövlət arasında uçurum dərinləşir. Digər tərəfdən, rejim daxilində hakimiyyət uğrunda amansız mübarizə qızışır. Bunlar göstərir ki, yenidən hərbi əməliyyatlar başlamadan belə İran tərəfi ciddi böhranla üz-üzədir”.

T. Əliyev deyir ki, məhz bu səbəbdən də Tramp sülh danışıqlarını uzadır:

“Bu əsasda onun davamlı olaraq sülhə yaxın olduqları barədə verdiyi bəyanatlar uzadılan danışıqlar fonunda İranın daxildən çökməsinə hesablanmış strategiyadır. Bunun fərqinə varan İran isə “Hizbullah”ı bəhanə edərək, İsrailə hərbi zərbələr endirməklə, ABŞ-ni hərbi müstəviyə çəkib, daxildə rejimlə xalq arasındakı uçurumun qarşısını almaq siyasətinə üstünlük verir. Belədə həm də SEPAH hakimiyyəti öz əlində daha sıx formada saxlamağa haqq qazandımaq istəyir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar