Amerikanın Vaşinqtondakı Məsuliyyət və Etika üzrə Vətəndaşlar təşkilatı (CREW) ABŞ prezidentinin kürəkəni və xüsusi elçisi Cared Kuşneri diplomatik vəzifələri qanunsuz yerinə yetirməkdə ittiham edərək məhkəməyə verib.
“Bakupost” xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
CREW nümayəndələri Kuşnerin təyinat tələblərinə cavab verənə və maliyyə məlumatları açıqlanana qədər ABŞ liderinin elçisi vəzifəsində çalışmasının qadağan edilməsini tələb edirlər.
Təşkilat qeyd edib ki, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən Kuşnerə əhəmiyyətli diplomatik səlahiyyətlər verilib. O, ABŞ-i Rusiya və Ukrayna ilə, eləcə də İran və digər rəsmilərlə danışıqlarda təmsil edir. Lakin iddiaçılar qeyd ediblər ki, o, Senat tərəfindən təsdiqlənməyib və maliyyə deklarasiyasını təqdim etməyib.
İddiaçıların fikrincə, Trampın kürəkəni vəsaitlərinin təxminən 99%-i Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ölkələrdəki xarici investorlara məxsus olan “Affinity Partners” investisiya şirkətini idarə edir.
Bu fonda CREW hesab edir ki, biznes və diplomatik işlərin kəsişməsi maraqların toqquşması riskləri yarada bilər.
“Bloomberg”in məlumatına görə, Kuşnerin vəkili iddianı əsassız adlandıraraq, iddiaçıların iddia qaldırmaq hüququnu şübhə altına alıb. Ağ Ev də təşkilatın iddialarını rədd edib.
Rüfət Sultan,
BakuPost