Ru
15:40 / 26 Oktyabr 2026

Trampın seçki çabası: Kiyevlə Moskvanı 200 faizlik tariflə hədələyir

Trampın seçki çabası: Kiyevlə Moskvanı 200 faizlik tariflə hədələyir
Eye

ABŞ prezidenti Donald Tramp sülh razılaşması əldə edilməsə, Ukrayna və Rusiyaya 200% tarif tətbiq edə biləcəyini bildirib.

“Bakupost” xəbər verir ki, o, bu açıqlamanı Respublikaçıların Florida ştatının Fort Mayers şəhərində keçirilən seçki kampaniyası mitinqində verib.

"Tariflər bizə səkkiz müharibəni bitirməyə kömək edib. Bəlkə də bu yanaşmanı dərhal Ukrayna və Rusiyaya tətbiq etməliyik. Mən əvvəllər bu barədə düşünməmişdim, amma hər halda işə yaramayacaq, çünki biz onlardan çox şey almırıq", - Tramp deyib.

Siyasi şərhçi Taleh Əliyev “Bakupost”a bildirib ki, ABŞ Prezidenti Donald Trampın aralıq seçkiləri öncəsi belə bir bəyanatla çıxış etməsi və eyni zamanda Kiyevlə Moskvanın Əbu-Dabidə danışıqlara başlayacaqları barədə məlumatlar noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərə hesablanmış seçki şüarıdır:

“Seçki bitər-bitməz nə Əbu-Dabidə aparılacaq sülh danışıqlarında ciddi bir irəliləyiş əldə edilməyəcək, nə də Tramp hər iki tərəfə vəd etdiyi 200 faizlik tarifləri tətbiq etməyəcək. Belə açıqlamalar sadəcə olaraq, seçki öncəsi Trampa təbliğat baxımından lazımdır. Seçkinin bitməsilə onun 200 faizlik tarif təhdidi də elə vəd olaraq da qalacaq”.

Ekspertin sözlərinə görə belə bir bəyanatın praktik olaraq gerçəkləşməsi isə Ukraynadan daha çox, Rusiyaya zərər verə bilər:
“Çünki bu halda Moskvanın Vaşinqtonla münasibətlərinin gərginləşməsi qaçılmaz olacaq. Buna görə də Tramp belə ağır nəticələrə səbəb olacaq avantürist şüarının qərara çevrilməsinə çalışmayacaq. 3 noyabr aralıq seçkilərindən sonra ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən bərpa etməsi gözlənilir. Belə olacağı təqdirdə Tramp Rusiyanın daha açıq şəkildə İranın yanında olmasına gətirib çıxaracaq qərara imza atmayacaq. Ukrayna isə tətbiq edilən 200 faizlik tariflər fonunda, onun yumşaldılması üçün Avropa İttifaqından daha çox hərbi və maliyyə dəstəyi alacaq. Ona görə də Trampın bu qərarı həyata keçsə, onun Ukrayna üçün ciddi fəsadlarının olacağı qənaətində deyiləm”.

Müsahibimizin fikrincə, ümumiyyətlə belə bir addımın atılması real deyil:

“Bu seçkiqabağı populist vəddən başqa bir şey deyil”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar