ABŞ Prezidenti Donald Tramp “Hizbullah”la mübarizəni Suriyanın öhdəsinə buraxmaq istəyir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, G7 sammiti çərçivəsində Tramp İsrailin “Hizbullah”la mübarizə metodlarından narazılığını ifadə edərək, Suriyanın problemi daha yaxşı həll edə biləcəyini qeyd edib.
Hərbi ekspert İbrahim Rüstəmli
Bakupost.az-a bildirib ki, Donald Trampın Suriya ilə bağlı təklifi əslində öz varlığını xatırlatmaq məqsədi daşıyır:
“Hazırda dünyada bəşəriyyətin bölüşdürülməsi, yeni geosiyasi, iqtisadi xəritələrin yaradılması prosesi gedir. Bu prosesdə hər kəs həm öz mövqeyini qorumaq, həm də təsir dairələrini daha da genişləndirməyə çalışır. Məqsəd daha böyük ərazilərə nəzarət etmək, təbii sərvələtlər, enerji daşıyıcılarına sahib olmaqdır. Bu mənada nə Amerika, nə İsrail, nə də Suriyanı insanların taleyi maraqlandırmır”.
Ekspertin sözlərinə görə, dünyada böyük güc mərkəzləri tərəfindən daha zəif tərəflərə qarşı səlib yürüşü həyata keçirilir:
“Amerikalı insanın Suriya ilə bağlı heç bir problemi yoxdur. Ancaq Suriyadakı təbii sərvətlər, imkanlar, rıçaqlar ABŞ, İsrail və digər ölkələri bu istiqamətdə hərəkətə keçməyə sövq edir. Trampın Suriya ilə bağlı təklifi də heç də onlara vurğun olmasından qaynaqlanmır”.
İ.Rüstəmli düşünür ki, Suriyanı “Hizbullah”ın üzərinə qaldırmaq əslində regionda növbəti gərginlik ocağı yaradacaq, növbəti çoxsaylı insan itkisinə səbəb olacaq:
“Belə şirnikləndirici təkliflərlə Vaşinqton Suriya hökumətinə daha çox təsir etmək imkanı qazanmaq və bununla da həmin ölkənin təbii sərvətlərinə yiyələnməyə çalışır”.
Rüfət Sultan, BakuPost