ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff tanınmış amerikalı fəal və bloqçu Laura Lumer ilə söhbətində münaqişənin həlli ilə bağlı yeni təklifi müzakirə etmək üçün Cared Kuşnerlə yaxın həftələrdə Kiyevə gedəcəyini təsdiqləyib.
Bakupost xəbər verir ki, bunu Laura Loomer özünün X sosial media səhifəsində yazıb:
Görəsən, Ukrayna ilə bağlı müzakirəsi gözlənilən yeni təkliflər nədən ibarətdir?
Politoloq Qabil Hüseynli
Bakupost.az-a bildirib ki, sözügedən yeni təkliflərdə Moskvanın Krım, Zaporejye və Xersona olan iddialarından əl çəkməsi məsələləri yer ala bilər:
“Rusiya Donbas və Luqansk məsələsində bu ərazilərin tamamilə öz əlində olmasında israr etməkdə davam edir. Amma Moskva eyni zamanda, Krımdan əl çəkə biləcəyinə də işarə edir. Əvvəllər Rusiya Zaporejye, Xerson və Krımı da öz ərazisi olaraq qəbul etdirmək istəyirdi. Hazırda isə Rusiyanın iştahası bir qədər azalıb. Demək olar ki, hazırda onun Donbas və Luqansk vilayətlərindən başqa elə bir ciddi iddiası yoxdur. Zelenski isə bildirir ki, bütün bunlar ümumxalq səsverməsi yolu ilə öz həllini tapmalıdır”.
Politoloq növbədi danışıqlarda da razılaşmanın olacağını düşünmür:
“Rusiyanın mövqeyində müəyyən yumşalmalar sezilir. Lakin yaxın dövrün təcrübəsi göstərir ki, Rusiya verdiyi vədlərə, imzalarına heç də əməl edən deyil. Ona görə də növbəti danışıqlarda da hansısa bir ümumi razılaşmanın əldə ediləcəyini gözləmirəm”.
Rüfət Sultan,
BakuPost