Azərbaycanda Trendyol-dan sifariş verən bəzi istehlakçılar bağlamaların gecikməsi, izləmə məlumatlarının yenilənməməsi və çatdırılma müddətinin uzanmasından şikayətlənirlər.
Gömrük Komitəsi isə Trendyol və digər xarici platformalardan gələn bağlamaların gömrük zonasına daxil olduqdan sonra qısa müddətdə nəzarətdən keçirilərək daşıyıcı şirkətə təhvil verildiyini bildirir.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli
“Bakupost”a bildirib ki, bağlama gömrükdən keçdikdən sonra gecikmənin əsas səbəblərindən biri daşıyıcı şirkətin anbarında çeşidləmə və ölkə daxilində ünvanlara bölüşdürülmə mərhələsi ola bilər.
Onun sözlərinə görə, xaricdən eyni vaxtda çoxlu sayda bağlamanın daxil olması onların qəbul edilməsi, çeşidlənməsi, bölgələr üzrə ayrılması və kuryerlərə ötürülməsi prosesində yüklənmə yarada bilər. Xüsusilə kampaniya və endirim dövrlərində sifarişlərin kəskin artması çatdırılmanı gecikdirə bilər.
Ekspert qeyd edib ki, problem sonuncu mil çatdırılmasında da yarana bilər. Kuryer şəbəkəsinin daxil olan bağlamaların sayına uyğun olmaması, eləcə də bölgələrə göndərişlərdə məsafə və marşrut məsələləri çatdırılma müddətini uzada bilər.
Nəsirlinin fikrincə, izləmə məlumatlarının yenilənməməsi ayrıca texniki və informasiya problemi ola bilər. Bağlama fiziki olaraq bir mərhələdən digərinə keçsə də, daşıyıcının sistemində status vaxtında yenilənmədikdə istehlakçı sifarişin hərəkətsiz qaldığını düşünə bilər. Müxtəlif logistika şirkətlərinin sistemləri arasında məlumat mübadiləsinin gecikməsi də izləmə məlumatlarının real vəziyyəti əks etdirməməsinə səbəb ola bilər.
Ekspert bildirib ki, gecikmə gömrükdən əvvəlki mərhələdə də baş verə bilər. Satıcıdan götürülmə, xarici anbarda çeşidlənmə, beynəlxalq daşınma və Azərbaycana göndərilmə zamanı yaranan gecikmələr ümumi çatdırılma müddətinə təsir edə bilər. Bu halda bağlama hələ Azərbaycana çatmadığı üçün gecikməni gömrük mərhələsi ilə əlaqələndirmək düzgün deyil.
Nəsirli vurğulayıb ki, gecikmənin hansı mərhələdə yarandığını müəyyən etmək üçün bağlamanın bütün logistika zənciri üzrə hərəkətinə baxmaq lazımdır. Bağlama gömrükdən keçərək daşıyıcıya təhvil verilib, lakin günlərlə istehlakçıya çatdırılmırsa, əsas diqqət daşıyıcının anbar, çeşidləmə və son çatdırılma imkanlarına yönəldilməlidir.
Onun sözlərinə görə, əsas problemlərdən biri də gecikməyə görə məsuliyyətin hansı tərəfdə olduğunun istehlakçı üçün aydın olmamasıdır. Platforma, daşıyıcı şirkət və gömrük sistemi arasında məlumat mübadiləsinin daha şəffaf və operativ olması, izləmə sistemində bağlamanın konkret hansı mərhələdə olduğunun real vaxtda göstərilməsi vacibdir.
Vüsalə Hüseynova,
BakuPost