Ru
14:50 / 23 Oktyabr 2026

"Trendyol"la bağlı etirazlar artır: ABŞ-dən sifariş verəndə daha tez gəlir - VİDEO

Eye

Türkiyənin onlayn satış platforması "Trendyol"dan Azərbaycana sifariş verən alıcılar bağlamaların gec çatdırılmasından şikayətlənirlər. Bildirilir ki, Türkiyədən göndərilən sifarişlərin quru yolu ilə daşınması çatdırılma müddətinin uzanmasına səbəb olur.

"Bakupost" xəbər verir ki, şikayət edənlərdən biri də bloger Şəbnəmdir.

O, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Türkiyədən etdiyi sifariş artıq 20 gündür yoldadır.
Bloger ABŞ və Yaponiyadan hava yolu ilə göndərilən bağlamalarını daha qısa müddətdə əldə etdiyini, "Trendyol" sifarişinin isə hələ də yolda olduğunu deyib:

"Yaponiyadan və Amerikadan sifariş etdiyim bağlamalar hava yolu ilə problemsiz gəlib çatır. Türkiyədən verdiyim sifariş isə artıq 20 gündür ki, gəlmir. TIRla daşınan bağlamam hazırda Qazaxdadır. Gömrükdən keçməlidir. Bundan sonra hara çatdırılacağı, haradan təhvil ala biləcəyimiz isə bəlli deyil".

Bloger iddia edir ki, sifarişlərin daha ucuz başa gəlməsi üçün "Trendyol" daşınmada TIR-dan istifadə edir.

"Əsas şikayətim kargo şirkətlərindəndir. Bu barədə bizə məlumat verməlisiniz. Sifarişin hansı yolla göndərildiyini, nə qədər müddətə çatacağını bilməliyik", – deyə Şəbnəm vurğulayıb.

Paylaşımın şərh bölməsində digər istifadəçilər də oxşar problemlə üzləşdiklərini bildiriblər.

İstifadəçilərdən biri qeyd edib ki, bu hal “Trendyol”da birbaşa Azərbaycan seçilərək sifariş verildikdə yaşanır. Onun sözlərinə görə, Türkiyə ünvanı seçildikdə əlavə karqo ödənişi yaranır və yalnız bu halda bağlamanı hava yolu ilə gətirmək mümkün olur.

“Bu haqda təəssüf ki, heç bir məlumat da yoxdur. Mənim də artıq 17 gündür bağlamam məntəqədə deyil”, – deyə digər istifadəçi yazıb.

Gülsüm Baxşəliyeva,
Bakupost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar