Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günündə Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Sabir Rüstəmxanlı çıxışında bildirib ki, türkologiya yalnız qədim türk mətnlərinin öyrənilməsi ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, həmin mətnləri yaradan şairlər, yazıçılar və mütəfəkkirlərin irsi də eyni dərəcədə araşdırılmalıdır.
Xalq şairi qeyd edib ki, qədim ədəbi irslə yanaşı, müasir türk ədəbiyyatı da türkologiya tədqiqatlarının əsas istiqamətlərindən biri olmalıdır.
O vurğulayıb ki, türk dünyasında yaradılan elmi əsərlər, aparılan araşdırmalar və keçirilən qurultaylar yazıçıların, şairlərin və ədəbiyyat adamlarının da diqqət mərkəzində olmalıdır. S.Rüstəmxanlı 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi və mədəni düşüncəsinin formalaşmasında mühüm rol oynadığını qeyd edib:
“Türk dünyasının ən böyük gücü onun ortaq mənəvi dəyərləri, zəngin mədəni irsi və sərhəd tanımayan birlik ruhudur. Milli-mənəvi dəyərlərin və ortaq türk kimliyinin qorunması istiqamətində mövcud problemlərin qarşısı qətiyyətlə alınmalıdır. Bu istiqamətdə bilik və maarifləndirmə işi cəmiyyətin bütün təbəqələrini, bütün yaş qruplarını əhatə etməli, bu dəyərlər insanların şüurunda və düşüncəsində möhkəm yer tutmalıdır”.