Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukraynaya təkliflər təqdim edib.
Bu məlumatı Rusiyanın “RİA Novosti” agentliyi Türkiyə Nazirlər Kabinetindəki mənbəyə istinadən yayıb.
Məlumata görə, Ankara bu mərhələdə təkliflərin nədən ibarət olduğunu hələlik ictimaiyyətə açıqlamağı planlaşdırmır.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmini üçün öz təkliflərini təqdim etdiyini təsdiqləyib.
Siyasi şərhçi Mehman Əliyev
“Bakupost”a Ankaranın tərəflərə təqdim etdiyi təkliflərdə nələrin əks olduğunu indidən söyləməyin çətin olduğunu desə də, bildirib ki, bu hər halda müharibə tərəflərini ortaq məxrəcə gətirməyə hesablanmış təkliflərdir:
“Son zamanlar Ukrayna tərəfi Qara dəniz vasitəsilə Rusiyaya daşınan gəmilərə aktiv hücumlar təşkil edir. Bununla əlaqədar ərazidə naviqasiya demək olar ki, dayandırılıb. Gəmilər Rusiya istiqamətində mal aparmaqdan imtina edirlər”.
Ekspertin sözlərinə görə, Türkiyə çalışdığı hər iki tərəfdən gəmilərin keçidinə maneə yaradılmamasına nail olmaqdır:
“Bu mənada görünür, Ankaranın təqdim etdiyi təkliflərdə tərəflərin ortaq məxrəcə gətirilməsinə hesablanmış müəyyən məsələlər yer alıb. Əvəzində Türkiyə zəmanət verə bilər ki, Rusiya və Ukrayna istiqamətində hərəkət edən gəmilərdə ancaq mülki yüklər daşınsın və hərbi sursat-silah olmasın”.
Rüfət Sultan,
BakuPost