Türkiyənin Ankara vilayətində qanunsuz mərc, dələduzluq və əxlaqsız məzmunlu paylaşımlarla bağlı yüzlərlə internet resursuna giriş bloklanıb.
"Bakupost" "Haber7"yə istinadən xəbər verir ki, Ankarada sentyabrın 21-dən 27-dək aparılan virtual patrul və açıq mənbə araşdırmaları çərçivəsində 760 sosial media hesabı və URL ünvanı araşdırılıb.
Qanunsuz mərc oyunlarına şərait yaratdığı müəyyən edilən 341, fişinq yolu ilə dələduzluq etdiyi aşkarlanan 6 və əxlaqsız məzmunlu paylaşımlar edən 70 internet saytı barədə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna məlumat verilib və həmin resurslara giriş məhdudlaşdırılıb.
Bundan başqa, cari il ərzində baş vermiş və təqsirkarı müəyyən edilməmiş kibercinayətlərin araşdırılması çərçivəsində Çankaya rayonunda qeydə alınan ağır dələduzluq hadisəsinin üstü Baş Prokurorluğun koordinasiyası ilə açılıb.
Hadisəni törətdiyi müəyyən edilən şübhəli barəsində hüquqi tədbirlərin görülməsinə başlanılıb.