Ru
19:44 / 24 İyul 2026

Türkiyədən geri çağırılan səfirdən İLK AÇIQLAMA

Türkiyədən geri çağırılan səfirdən İLK AÇIQLAMA
Eye

"Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək".


"Bakupost" xəbər verir ki, bu sözləri Türkiyədən geri çağırılan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov diplomatik missiyasını başa vurması ilə əlaqədar paylaşımında bildirib.

Rəşad Məmmədov bildirib ki, ilk növbədə ona bu yüksək və məsuliyyətli missiyanı etibar etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edir. O, göstərilən ali etimadı doğrultmaq üçün bütün gücü və məsuliyyət hissi ilə çalışmağa səy göstərdiyini vurğulayıb.

Səfir qeyd edib ki, diplomatik fəaliyyətini bundan sonra Azərbaycanın Özbəkistandakı səfiri kimi davam etdirəcəyindən xüsusi məmnunluq duyur.

"Qardaş Türkiyədə keçirdiyim illər mənim üçün təkcə diplomatik fəaliyyət dövrü deyil, həm də ömrümün ən şərəfli və unudulmaz səhifələrindən biri oldu. "Bir millət, iki dövlət" fəlsəfəsinin gündəlik həyatda necə yaşandığını görmək, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə əlimdən gəldiyi qədər töhfə vermək mənim üçün böyük qürur mənbəyidir", – deyə o bildirib.

Rəşad Məmmədov fəaliyyəti dövründə göstərilən dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə dövlət rəsmilərinə, diplomatik korpusun nümayəndələrinə, media mənsublarına, elm, mədəniyyət və iş dünyasının təmsilçilərinə, eləcə də Türkiyə xalqına təşəkkürünü ifadə edib.

O, həmçinin Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı soydaşlara minnətdarlığını bildirərək, onların dövlətə bağlılığının, həmrəyliyinin və sevgisinin hər zaman əlavə güc verdiyini qeyd edib.

"Diplomatik missiyalar başa çatsa da, dostluqlar, qardaşlıq və Vətənə xidmət məsuliyyəti əbədi olaraq qalır. Qəlbim hər zaman Azərbaycan və Türkiyə üçün eyni sevgi ilə döyünəcək. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!" – deyə Türkiyədən geri çağırılan səfir paylaşımını tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəşad Məmmədov 26 iyul 2021-ci ildən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar