Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN-ın komanda-idarəetmə sahəsində hazırladığı mühüm proqram həllərindən biri Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına təhvil verilib.
Bu prosesin pərdəarxasında hansı məqamlar vat? Yeni sistem Azərbaycan Hərbi Hava Qüvvələrinə hansı üstünlükləri qazandıracaq?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev müasir münaqişələr və müharibələr fonunda hərbi hava qüvvələrinin əməliyyat imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır deyib.
“Azərbaycan və Türkiyə arasında vahid hava məkanının qorunması istiqamətində daha əvvəl də mühüm addımlar atılıb. Bundan əvvəl də Türkiyə ilə Azərbaycan arasında vahid hava məkanının qorunması istiqamətində işlər görülmüşdü. ASELSAN şirkətinin hazırladığı hakim sistem hər iki dost və qardaş ölkədə tətbiq edilmişdi.
İndi isə bu imkanları daha da genişləndirmək, ortaq hava əməliyyatlarının planlaşdırılması, icrasının izlənilməsi, qiymətləndirilməsi və ümumilikdə bütün bu proseslərin vahid rəqəmsal platforma üzərindən idarə olunması üçün müasir bir idarəetmə sistemi yaradılıb.
Bu sistem vasitəsilə komanda və idarəetmə əməliyyat mərkəzlərində xidmət edən heyət yeni informasiya sistemi sayəsində əldə etdiyi vahid əməliyyat mənzərəsindən döyüşlərin idarə olunmasında səmərəli istifadə edə biləcək.
Digər tərəfdən isə bu sistem əməliyyat məlumatlarının real vaxt rejimində idarə edilməsinə, izlənilməsinə, ötürülməsinə və operativ qərarların qəbul edilməsinə şərait yaradacaq”.