NATO-nun 7-8 iyulda Türkiyənin paytaxtı Ankarada keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp da iştirak edəcək.
Sammit ərəfəsi fikirlər səslənir ki, Vaşinqton sözügedən tədbirdən əvvəl Türkiyəyə təyyarə mühərrikləri və ya F-35 qırıcı təyyarələri satmaq qərarına gələ bilər.
Tramp NATO-nun baş katibi Mark Rütte ilə birgə brifinq zamanı bu məsələyə toxunub.
Hətta ABŞ vitse-prezidenti J.D. Vens də Vaşinqtonun F-35 qırıcı təyyarələrinin Türkiyəyə köçürülməsi imkanının nəzərdən keçirildiyini söyləyib.
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, ABŞ F-35-lərin Türkiyəyə verilməsinə qoyulan qadağanı yumşaldacaq. Amma o, bunun NATO sammiti ərəfəsi və ya birbaşa tədbir dövründə reallaşacağını ağlabatan hesab etmir:
Ankarada keçiriləcək NATO sammiti hərbi siyasi alyansın gələcək taleyi üçün böyük əhəmiyyət kəsb edir. Trampa gəldikdə, o açıq şəkildə bildirib ki, NATO-nun Ankara sammitinə məhz Prezident Ərdoğanı məmnun etmək üçün qatılmaq niyyətindədir. F-35-lərə gəldikdə, Vaşinqton qadağanı yumşalda biləcəyinə eyham vurub. Amma bu Türkiyə-ABŞ arasındakı danışıqların predmetidir və aparılan danışıqlar da pozitiv məzmun daşıyır. Hətta Vaşinqton Türkiyənin 5-ci nəsil KAAN qırıcısına uyğun raketlər də vermək niyyətindədir. Adətən belə məsələlərdə prezidentlər istəklərini bildirir. Amma məsələni danışıqlar aparan nümayəndə heyətləri həll edir, prezidentlər isə yekun qərar verir. Bu mənada Trampın Ankaraya gələrkən Türkiyəyə “F-35-ləri veririk” söyləyəcəyi ehtimalı yoxdur. Lakin görünən odur ki, hər iki tərəf F-35 və KAAN qırıcıları məsələsində mümkün qədər pozitiv davranmaq niyyətindədirlər”.
Rüfət Sultan, BakuPost