Ru
12:26 / 08 Oktyabr 2026

Türkmənistanda Birgə Bəyanat imzalandı

Türkmənistanda Birgə Bəyanat imzalandı
Eye

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir.

"Bakupost" xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir.

Sənəddə eləcə də qeyd olunub ki, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.

Bəyanatda dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət əsasında regional və beynəlxalq təhlükəsizlik sahəsində, o cümlədən terrorizmə, ekstremizmə və radikalizmə, qanunsuz miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə, habelə genişmiqyaslı və transsərhəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyəti genişləndirməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə, investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə, müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını ifadə ediblər.

Bundan başqa, dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd etdilər və "Şərq–Qərb" və "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin əsas amilləri kimi əhəmiyyətini vurğulayaraq, öz dövlətlərinin ərazilərindən keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin vacibliyini təsdiq ediblər.

Tərəflər həmçinin iştirakçı ölkələrin enerji sahəsində əldə olunmuş əməkdaşlıq səviyyəsini qeyd etdilər və təcrübə mübadiləsi, o cümlədən Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən enerji dəhlizlərinin inkişafı layihələrinə yönəlmiş yeni layihələrin perspektivlərinin öyrənilməsi əsasında bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə etdilər. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihəsinin imkanlarından istifadənin əhəmiyyətini qeyd etdilər. Layihənin məqsədi Mərkəzi Asiyadan yaşıl elektrik enerjisinin Azərbaycan Respublikası vasitəsilə Avropaya ixracı üçün enerji dəhlizinin yaradılmasıdır.

Tərəflər 2025-ci il noyabrın 21-də Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin yaradılmasını alqışladılar və onun Azərbaycanda və daha geniş regionda rəqəmsal innovasiyaların inkişafına, startap ekosistemlərinin dəstəklənməsinə və rəqəmsal transformasiyanın təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyətini qeyd ediblər. Həmçinin vurğulanıb ki, Mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem iştirakçıları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Dövlət başçıları eləcə də aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etdilər və sözügedən istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək verməyə hazır olduqlarını ifadə ediblər:

- qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi,

- ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunması,

- qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsal sistemlərin tətbiqi, rəqəmsal transformasiya, süni intellekt və elmi-texniki tərəqqi sahəsində ən yaxşı təcrübələrin mübadiləsi,

- sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması,

- əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi,

- humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızı birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslərin dəstəklənməsi, Mərkəzi Asiya və Azərbaycanın böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi,

- Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi,

- Turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar