Braziliyada 49 yaşlı bir kişi sosial şəbəkədə tanış olduğu və evlənmək xəyalı qurduğu qadınla görüşmək üçün həyatının ən böyük səhvini edib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, virtual aləmdə tanış olduğu qadının paylaşımlarına inanan şəxs bütün var-dövlətini sataraq 2 min kilometrdən çox məsafə qət edib.
Göstərilən ünvana çatdıqda isə onu acı sürpriz gözləyib. Məlum olub ki, aylarla ünsiyyətdə olduğu, uğrunda hər şeyindən keçdiyi qadın reallıqda mövcud deyilmiş. Profilin və fotoların tamamilə süni intellekt texnologiyası vasitəsilə yaradıldığı üzə çıxıb.
Bütün əmlakını sataraq yad bir şəhərdə əliyalın qalan kişinin düşdüyü bu acınacaqlı vəziyyət sosial şəbəkələrdə kütləvi müzakirələrə səbəb olub. Hadisə virtual aləmdəki fırıldaqçılıq və süni intellektdən sui-istifadə halları ilə bağlı təhlükəni bir daha gündəmə gətirib.