ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin Moskva və Kiyevə səfərləri başa çatıb.
“Bakupost” xəbər verir ki, tərəflər uzunmüddətli sülhün elementlərini, Ukrayna, Rusiya və dünyanın qalan hissəsinin bundan nə əldə edə biləcəyini müzakirə ediblər.
Onlar həmçinin qeyd ediblər ki, ABŞ üçtərəfli formatda danışıqlara qayıtmaq istəyir.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin, ardınca isə Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışacaq.
Politoloq
Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Tərəflər həddən çox əks qütblərdə olduğundan onların mövqelərinin yaxınlaşması gözlənilmir:
“Yalnız bir halda, tərəflərdən biri məğlubiyyəti etiraf etsə, hansısa razılıq əldə edilə bilər. ABŞ beynəlxalq sahədə hörmətini itirib. Onun xarici siyasəti uğursuzdur. Tramp da çalışır ki, zəif Ukrayna hesabına güclü Rusiyaya xoş gəlsin və belədə hansısa nəticə əldə etsinlər. Amma alınmayacaq”.
Ekspert vurğulayıb ki, buna görə də Qərbin dəstəklədiyi Ukrayna ictimai-siyasi fəalları Zelenskinin istefa məsələsini gündəmə gətiriblər:
“Bu Qərbin təhrikilə atılan addımdır. Zelenskini elə birisilə əvəz etmək istəyirlər ki, Amerikanın güzəşt tələbini qəbul etsin və beləliklə, “hamam suyuna” Vaşinqton Rusiya ilə özü üçün müsbət münasibətlər yaratsın. Əsas məqsəd budur”.
Müsahibimiz deyir ki, Kiyevin Rusiyanın tələblərini qəbul etməsi Ukraynanın istənilən siyasətçisi üçün ölümə bərabər hal olacaq:
“Putin üçün də çox ağır vəziyyət yaranıb. Ölkə dünya iqtisadiyyatından təcrid olunub. Ukraynanın zərbələri artıq Rusiyanın daha dərinliklərinə sirayət edir. Amma Rusiya dözür. Çünki xalq mütəşəkkil olmaqla yanaşı, savadsız və cahildir, imperiya düşüncəsilə zəhərləniblər”.
Rüfət Sultan,
BakuPost