Yaxın Şərqdəki müharibədə atəşkəsin elan edilməsindən sonra yenidən diqqətlər Ukraynaya yönəlməyə başlayıb.
Bakupost.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin sentyabr ayına qədər cəbhədə Rusiyanın, danışıqlarda isə ABŞ-nin ağır təzyiqləri dövrünə qədəm qoyduğunu bildirib.
Hətta Zelenski iddia edir ki, avqust ayında ABŞ danışıqlardan çıxa da bilər. Zelenskinin bu açıqlaması istər-istəməz yaxın dövrdə Ukrayna ilə bağlı narahatlıqların arta biləcəyinə işarədir.
Siyasi şərhçi
Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, Rusiya yay mövsümündə daha intensiv hərbi əməliyyatlara başlamaq istəyir:
“İddialara görə, Moskva iyundan başlayaraq, Ukraynaya daha sarsıdıcı zərbələr endirəcək. Belədə, Rusiya müharibədə mümkün qədər böyük miqyaslı hərbi üstünlük qazanmağı düşünür. Kremlin fikrincə, belə bir vəziyyətin yaranması danışıqlar masasında Rusiya üçün daha geniş imkanlar yarada və onlar daha sərt şərtlər diqtə edə bilərlər”.
Ekspertin fikrincə, Ukraynaya daha sarsıdıcı zərbələrin endirilməsi ABŞ-yə də sərf edir:
“Tramp adminstrasiyası faktiki olaraq Rusiya ilə qeyri-rəsmi müttəfiq kimi fəaliyyət göstərir. Ukraynanın danışıqlar masasında zəifləməsi Rusiya ilə paralel şəkildə ABŞ-yə də Kiyevə daha sərt təzyiq göstərməyə imkan yaradacaq. Trampın məqsədi savaşın istənilən halda dayandırılmasıdır. Belədə Ağ Ev Ukraynanın ərazi bütövlüyünü qurban verə də bilər. Bu barədə səhnə arxasında Rusiya ilə müəyyən anlaşmaların olduğu da bildirilir”.
Politoloq düşünür ki, Zelenski də bu barədə məlumatlıdır:
“Yəqin ki, ona ABŞ və Avropa tərəfindən müəyyən mesajlar verilib. Ona görə də mövzu ilə bağlı narahat doğuran belə açıqlamalar verir”.
E. Xalidbəyli deyir ki, Kiyevlə Moskva arasında sülh sazişinin imzalanması mümkün olmazsa, Tramp böyük ehtimalla prosesdən uzaqlaşmaqla bağlı qərar verəcək:
“Çünki İran məsələsinin ardınca, buradakı uğursuzluq da ABŞ-nin beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq. Ona görə də yaxın bir neçə ay ərzində Zelenskinin dediyi kimi, Ukrayna savaşı ətrafında vəziyyət daha da qəlizləşə bilər”.
Mövcud proses isə siyasi şərhçiyə görə, savaşın ya uzun müddətə dondurlmasına, ya da Ukraynanın faktiki olaraq Rusiya qarşısında təkbaşına buraxılmasına gətirib çıxaracaq:
“Bu baxımdan Zelenski də verdiyi açıqlamalarla çalışır ki, Avropa Birliyi ABŞ-nin mövqeyinə daha ciddi müqavimət göstərsin. Görünür, Ukrayna məsələsində olduqca taleyüklü bir mərhələ başlayır. Bu mərhələdən Kiyevin necə çıxacağı isə hələlik qeyri-müəyyəndir”.
Rüfət Sultan, BakuPost