Yuliya Sviridenkonun istefasından sonra, Ukrayna Prezidenti Volodimir Zelenski "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretskini baş naziri vəzifəsinə gətirmək istəyir.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Sergey Koretskini Ukraynanın baş naziri vəzifəsinə ən hazırlıqlı namizəd adlandırıb.
İddialara görə, Koretski Zelenskinin yaxın tərəfdaşı və böyük korrupsiya qalmaqalının iştirakçısı olan iş adamı Timur Mindiçin adamıdır.
Politoloq
Tofiq Abbasov "Bakupost"a bildirib ki, xeyli müddətdir Ukraynada kadr məsələləri ətrafında dolaşıq oyunların şahidi oluruq:
“Bu oyunlar bir daha ölkədə vəziyyətin böhranlı olduğunu göstərir. Ukraynadakı bu ratasiya prosesi çətinliklərlə üzləşən Zelenskinin geniş imkanlara malik olmadığının göstəricisidir”.
Politoloq deyir ki, Ukraynada vəzifələrə təyinatda Qərb amili də yaxından rol oynayır və Zelenski də onlarla hesablaşmalı olur:
Zelenskinin özünün də cəmiyyət qarşısında kəsirləri, paxırları var. Vaxtilə ABŞ iştirakı ilə yaradılan “Korrupsiya və rüşvətxorluğa qarşı Mübarizə” qurumunu bilavasitə özünə təhkim etməklə Zelenskinin özünün bəyan etdiyi prioritetlərə zidd getdiyi bəlli oldu. Bəlli olur ki, bəzi hallarda Zelenskinin özü korrupsionerləri həm müdafiə edir, həm də onlar üçün əlverişli situasiya yaradır. Ukraynada demokratiyanın zəfər çaldığı, hər şeyin şəffaf olduğunu demək doğru deyil”.
Bu səbəbdən də həmsöhbətimiz hesab edir ki, Zelenskinin adı ləkələnmiş şəxsləri yenidən vəzifəyə gətirmək istəyinə təəccüblənmək olmaz:
“Burada Zelenskinin özü üçün qeyri-adi bir şey yoxdur. Müharibə şəraiti, ekstremal durum bir çox məsələlərin üstündən keçməyə sövq edir. Zelenski də başa düşür ki, müharibə vəziyyəti onun bir çox kəsirlərini, səhvlərini, paxırlarını həm də “sıfırlayır”. Bundan istifadə edərək də bəzi hallarda həm də sui-istifadəyə yol verir”.
Məlumatlara görə, Sergey Koretskinin bir neçə şirkəti və xeyli əmanəti var. O, 2025-ci il üçün gəlirlər haqqında deklarasiyada yalnız 1,1 milyon avro və 275.000 dollar nağd pul olduğunu bəyan edib.
Bəyannaməsinə görə, yeni baş nazirin nağd puldan əlavə 11 milyon qrivna (təxminən 250.000 dollar), 331.600 dollar və 527.900 avroluq başqa bir hesabları da var. Koretski həmçinin 261.600 kvadratmetrlik, həyat yoldaşı isə 3800 kvadratmetrlik torpaq sahəsinə malikdirlər.
Rüfət Sultan,
BakuPost