Rusiya ilə ölüm-dirim savaşı aparan Ukrayna yeni hökumət böhranı ilə üzləşib.
Vəzifəyə gətirildiyinin bir ilinin tamamında Ukraynanın baş naziri Yuliya Sviridenko istefa ərizəsini Ali Radaya təqdim edib.
Bakupost.az xəbər verir ki, yaxın vaxtlarda məsələ müzakirəyə çıxarılacaq.
Digər tərəfdən, Ukraynanın müdafiə naziri Mixail Fyodorovla, Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasında da gərginlik hökm sürür. Bildirilir ki, nazirlə ali hərbi rəhbərliyin bir hissəsi arasında gərginlik Kiyevin raket və sursat təchizatının müzakirəsi fonunda daha da güclənib.
Fyodorov bu əsasda Sırskinin də istefasına nail olmağa çalışır. Lakin hələlik bu məsələdə Prezident Volodimir Zelenskinin razılığını ala bilməyib.
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, Ukraynada hökumət dəyişikliyi vaxtaşırı müşahidə olunur:
“Əvvəlki dövrdə də baş nazir və bir sıra nazirlər dəyişdirilib. Hətta proses bir sıra hallarda böhranlı situasiya kimi dəyərləndirilib”.
Ekspertin sözlərinə görə, hökumətdəki indiki istefa və dəyişiklik isə böhran xarakteri daşımır:
“Xeyli müddətdir ki, Ukraynada baş nazirin dəyişdiriləcəyilə bağlı məlumatlar dolaşır. Zelenskinin özü bunu bəyan etmişdi. Yuliya Sviridenko fərqli istiqamət üzrə fəaliyyət göstərəcək”.
Müsahibimizin fikrincə, son istefa nəzarət olunan, Zelenski və yaxın ətrafının koordinasiyalı şəkildə idarə etdiyi bir prosesdir:
“Deməli, hökumətdə baş verən dəyişikliklər Ukraynada siyasi böhrana səbəb olmayacaq. Zelenski hakimiyyəti üçün elə bir ciddi təhlükə mövcud deyil. Onun hakimiyyəti ABŞ və kollektiv Qərb tərəfindən ciddi şəkildə dəstəklənir. Bu baxımdan hesab etmək olar ki, Zelenski yeni mərhələyə tamamilə fərqli kadrlarla davam etmək niyyətindədir”.
Politoloq Azad Məsiyev isə hesab edir ki, baş nazirin istefası Zelenskinin yürütdüyü siyasətdən narazı qalmasının nəticəsidir:
“Ukraynada baş verən münaqişənin əsas səbəbkarlarından biri ölkənin hazırki Prezidenti Zelenskidir. O, Qərbin əlində alət olaraq Ukraynanı münaqişəyə sürüklədi. Bunu da Zelenskinin komandasında olan şəxslər gözəl anlayır. Bu mənada baş nazirin istefası Zelenskinin apardığı siyasətə şərik olmaq, onun məsuliyyətini daşımaq istəməməsindən qaynaqlanır. Ona görə də istefa verib, məsuliyyətdən uzaqlaşmaq istəyirlər. Onlar Zelenskinin siyasətilə yaxından tanış olmaq əsasında həmin məsuliyyətin altına girmək istəmirlər. Ona görə də belə istefaların şahidi olmaqdayıq”.
Rüfət Sultan,
BakuPost