Prezident Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə 40 günlük “Rusiyanı sülhə məcburetmə əməliyyatı”na başlamaq əmrini verib.
Prezidentin sözlərinə görə, əməliyyatın məqsədi Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa vadar etməkdir.
Konfliktoloq Üzeyir Şəfiyev
Bakupost.az-a bildirib ki, Zelenskinin bu əmri Rusiya-Ukrayna cəbhəsində yaranmış yeni reallıqlarla əlaqədardır:
“Ukrayna uzun müddət daxildə özünün hərbi-sənaye qüdrətini artırmaq, bu sahədə xaricdən asılılığı azaltmaq üzərində çalışıb. Qərb də Ukraynaya kifayət qədər hərbi dəstək göstərib və göstərir. Ancaq Tramp Rusiya ilə yaxınlaşma kursu götürəndə Kiyev hərbi baxımdan xaricdən asılılığı maksimum azaltmaq yolunu tutdu. Nəticədə Ukrayna Rusiyanın içərisinə, paytaxt Moskvadakı mühüm strateji obyektlərə həmlə etmək imkanı qazandı”.
Ekspert hesab edir ki, Ukrayna Prezidentinin 40 günlük “Rusiyanı sülhə məcburetmə əməliyyatı” barədə verdiyi əmrin uğurla həyata keçməsi üçün müşahidəçi, dəstək tədbirləri gücləndirilməlidir:
“Yəni Zelenskinin həmin əmri müttəfiqləri tərəfindən də dəstəklənməlidir. Qərb ən azından onun arxasında dayanmalıdır ki, Rusiya taktiki nüvə silahı və digər kütləvi qırğın silahından istifadə edib, onun qisasını Ukraynaya daha böyük fəlakətlər gətirməklə ala bilməsin.
Zelenski bu addımında davamlı olsa, gerçəkdən Rusiya sülhə məcbur edilərək, danışıqlar masası arxasında oturmalı olacaq. Ukraynanın müttəfiqlərin dəstəyilə bunu etmək potensialı var”.
Rüfət Sultan,
BakuPost