Böyük Britaniyanın Kent Universitetində meningit epidemiyası yayılıb.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, xəstəlik nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəstəxanaya yerləşdirilib.
Hakimiyyət orqanları tələbələr və işçilər də daxil olmaqla, 30 000-dən çox insanla əlaqə saxlayaraq onlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.
Məlumata görə, İngiltərənin Kenterberi bölgəsində meningit halları kəskin artıb. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin 18-21 yaşları arasında olduğu və Kent Universitetinin tələbələri olduğu bildirilir. Belə ki, ölənlərin hər ikisi eyni yaş qrupundadır və onlardan biri universitet tələbəsidir.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi epidemiyadan sonra genişmiqyaslı araşdırma başladıb. Kenterberidəki bəzi tələbələrə ehtiyat tədbiri olaraq antibiotiklər verilib. Lakin epidemiyaya səbəb olan meningitin spesifik növü hələ də müəyyən edilməyib.
BBC-nin yaydığı məlumata görə, epidemiyanın Kenterberidə yoluxmuş bəzi şəxslərin qatıldığı sosial tədbirlə əlaqəli olduğuna inanılır.
Qeyd edək ki, meningetin əsas simptomlarına yüksək qızdırma, qusma və getdikcə pisləşən baş ağrıları daxildir. Xəstəlik bəzi hallarda həyati təhlükə yarada bilən sepsisə səbəb olur. Simptomlar bəzən adi soyuqdəymə, qrip və ya alkoqolla əlaqəli narahatlıqların əlamətləri ilə qarışdırılır.