ADMİU-nun birinci kurs tələbələrini hədələdiyi bildirilən və bu səbəbdən universitetdən xaric edilən Kənan Zindadil videomüraciət yayıb.
“Bakupost” xəbər verir ki, K.Zindadil universitetdən haqsız yerə və hər hansı araşdırma aparılmadan çıxarıldığını iddia edib. O, yenidən universitetə bərpa olunması üçün aidiyyəti qurumlardan kömək istəyib.
K.Zindadil universitetdə təhsil aldığı müddətdə müxtəlif şəxslər tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib. Tələbinin sözlərinə görə, həmin şəxslərlə bağlı universitet tərəfindən tədbir görülməyib və rəhbərliyin istəyi ilə şikayətini geri götürüb:
“Keçən il universitetə daxil olduğum zaman müxtəlif təzyiqlərə və bullinqə məruz qalmışdım. Hüquq-mühafizə orqanlarını universitetə dəvət etmişdim. Daha sonra universitet rəhbərliyinin mənə dediyi bəzi sözlərdən sonra şikayətimi geri çəkdim.
Son hadisə ilə bağlı Elmi Şurada da dedim ki, mən o sözləri həmin məqsədlə deməmişəm. Mənə yazılan təhqirə cavab vermişəm. Yoxsa mən canlı yayımda kimisə təhdid edərəm? Polis orqanlarına da dəvət olunanda bildirdim ki, ötən ilin sentyabr-oktyabr aylarında sırğa taxdığıma və geyim tərzimə görə müxtəlif təhqirlərə məruz qalmışam.
Mən bu universitetə əziyyət çəkib hazırlaşmışam. Heç bir kəsirim, qayıbım olmayıb. Oxuduğuma görə təqaüd alırdım. Amma dünən Elmi Şurada mənə elə alçaldıcı sözlər də deyilib ki... Halbuki rəhbərlik mənlə belə danışmamalı idi.
Universitetdə oxuduğum iki semestr ərzində nə bir töhmətim olub, nə də valideynim universitetə çağırılıb. Müəllimlərə qarşı həmişə hörmətli olmuşam. Necə olur ki, kimsə məndən xoşu gəlmədiyi üçün həmin videonu kəsib birləşdirərək məni hədəf kimi göstərir və nəticədə mən təhsilimdən oluram? Mən hamıdan xahiş edirəm ki, yenidən universitetə bərpa olunmağım üçün mənə kömək etsinlər. Təhsilimdən geri qalmaq istəsəydim, qayıblarım yığılardı və universitetə getməzdim”.
Lalə, BakuPost