Ru
12:42 / 15 Avqust 2025

Uşaqlara necə adlar qoyuruq?

Uşaqlara necə adlar qoyuruq?
Eye

Şahbaz Xuduoğlu

Hindistanın ən böyük vilayətlərindən biri Tamil Nadunun Çennai şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinə dəvət almışdım. Sərginin əhəmiyyətini artırmaq üçün təntənəli açılışa qatılan Baş nazir beynəlxalq nümayəndə heyətinin üzvləri ilə də görüşdü – adı Stalin idi. Dərhal başa düşdüm ki, bu ad 1953-cü ildən gəlir, çünki Stalin elə o il vəfat etmişdi. Üstəlik, görünüşcə də ona bənzəyirdi.

Bizim ailələrdə də maraqlı adlarla qarşılaşırıq. Mənim böyük nənələrimdən birinin adı Osandıq idi, əslində el arasında belə adlandırılırdı. Sonradan anladım ki, bu, “qızlardan usandıq” deməkdir. Buna bənzər qadın adları çoxdur: Bəsdi, Kifayət, Yetər – hamısı qız övladına bir etiraz kimi qoyulmuş adlardır.

Oğlan uşağına da “gözə gəlməməsi”, bəd nəzərdən qorunması məqsədilə çirkin, qeyri-adi və ya əsassız görünən adlar qoymaq ənənəsi olub. Bu adların məqsədi uşağın “pis adla” tanınıb gözə dəyməməsi idi: Çopur, Çolaq, Köntöy, Qulu və s.

Erik Bernin “Salam verdikdən sonra nə deyirsiniz: insan taleyinin psixologiyası” kitabında adlar və soyadlar hissəsini oxuyanda istədim ki, bizim də adlara nəzər yetirim. O, yazır ki, doğum şəhadətnaməsinə baxanda hər kəs təəccüblənir. Bu vaxta qədər çağrıldığın addan tamamilə fərqli bir ad, yaxud imza da görə bilərsən, bəzən doğulduğun tarixlər arasında ay və ya il fərqləri olur.

Adlar əslində necə yaranır? Onları qruplaşdıranda belə bir mənzərə yaranır:

Dini mənbələr: Bibliya, Quran, Tövrat və digər dini mətnlərdəki şəxs adları əsrlər boyu istifadə olunub. Məsələn: İbrahim, Yusuf, Məryəm, Davud.

Təbii hadisələr və təbiət obyektləri: Dağ, çiçək, ay, ulduz kimi sözlərdən. Məsələn: Gülzar, Səma, Ayla, Dəniz.

Peşə və sosial status: Tarixdə məşhur olan sənətkar və ya vəzifə adlarından yaranır. Məsələn: Çoban, Xan, Bəkir.

Qəhrəman və tarixi şəxsiyyət adları: Hökmdar, sərkərdə, alim adları gələcək nəsillərə ötürülüb. Məsələn: Nizami, Cəfər, Teymur.

Mənalı sözlər və istəklər: Ailənin uşağa verdiyi ümid və diləklər. Məsələn: Sevinc, Umud, Şanslı.

Ədəbiyyatdan gələn adlar: Bir roman oxuyursan, oradakı obraza o qədər valeh olursan ki, o adı övladına verirsən. Cəfər Cabbarlının əsərlərindən xeyli yeni adlar qazanmışıq. Məktəb yoldaşlarımdan birinin soyadı Məmişov idi. Hər dəfə səhər müəllim jurnalı yoxlayanda hamı gülüşürdü. Və bizim bu gülüşmə əlbəyaxa dava ilə bitərdi. Mənim qohumlarımdan birinin adı Əmiş idi. Onunla yol yoldaşlığı edib harasa gedirdik. O, yeni adamlarla tanış olanda adını deməzdi. “Əşi, nəyinə lazımdır adım?” – deyirdi. Əvvəllər anlamırdım, sonradan başa düşdüm ki, əslində, öz adını səsləndirmək istəmədiyi üçün belə edirdi.

Bizdə sovet dövrünə aid çox adlar vardı: Sovet, Şura, Komunist, İnqilab, Lenina, Kombayn.

Bir vaxtlar “Biznesmen Bülleteni” adlı bir nəşr ocağı vardı və tək-tək qanunları çap edirdilər. Oranın sahibi Kim idi – çox ağıllı və tədbirli insan təsiri bağışlamışdı. Arada görüşürdüm, amma adı həmişə məndə sual yaradırdı. Sən demə, mənası “komunist internasional müdafiəçisi” imiş. Hələ Ladlen – (Vladimir Lenin), Marlen – (Marks və Lenin) adları da varmış.

Uşağa ad qoymaq – səs seçmək deyil, ömürlük kimlik yaratmaqdır. Ad insanın vizit kartıdır: hər dəfə işə qəbulda, dost məclisində, xaricdə tanışlıq zamanı onunla birlikdə gedir. Bir gün övladınız məktəbdə, universitetdə, iş görüşməsində öz adını deyərkən qürurla, yoxsa utanaraq deyəcək – bu, bu gün sizin verdiyiniz qərardan asılıdır. Uşağınızı göz önünə gətirin – onun xarakteri, arzuları, gələcək peşəsi barədə düşünün. Mütləq mənasını yoxlayın. Ad gözəl səslənə bilər, amma mənası xoşagəlməzdirsə, gələcəkdə problem yarada bilər.

Xarici dillərdə tələffüzü və yazılışı çətin olmasın.

Dəbdən çox dəyərlərə üstünlük verin. Bugünkü dəb sabah unudulur, amma mənalı ad qalır.

Bu yazını hazırlayarkən statistikaya da baxdım:

2024-cü ildə oğlan uşaqlarına ən çox verilən adlar:

Uğur, Əli, Hüseyn, Yusif, Raul.

Qız adlarında isə:

Zeynəb, Zəhra, Məryəm, Nilay, Aylin, Melisa

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar