Həddindən artıq istilər hər il dünyada təxminən 500 min insanın ölümünə səbəb olur.
Bakupost.az xəbər verir ki, bu açıqlama Ümumdünya Səhiyyə Təşkilatının həftəlik mətbuat konfransında verilib.
Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, isti hava dalğaları xüsusilə Avropa və şimal yarımkürəsi ölkələrində ciddi təsir göstərir. Onun sözlərinə görə, həddindən artıq istilər iqlim dəyişikliyinin yaratdığı ən sürətlə artan və təhlükəli sağlamlıq risklərindən biridir. O vurğulayıb ki, bu ölümlərin böyük hissəsinin qarşısını almaq mümkündür.
ÜST rəhbəri bildirib ki, isti hava hər kəsə təsir edir. Lakin ən riskli qruplar yaşlılar, xroniki xəstələr, uşaqlar, hamilə qadınlar, açıq havada işləyənlər və sosial baxımdan həssas insanlardır.
O, həmçinin qeyd edib ki, isti dalğaları kütləvi tədbirlər və idman yarışlarında iştirak edənlər üçün də ciddi təhlükə yaradır. Bu səbəbdən ÜST FİFA və ev sahibi ölkələrlə birlikdə maarifləndirmə, erkən xəbərdarlıq sistemləri, içməli suya çıxış və soyutma tədbirləri üzərində işləyir.
Təşkilatın nümayəndəsi Tereza Zakariya isə vəziyyətin narahatedici olduğunu deyib. Onun sözlərinə görə, növbəti altı ayda bəzi bölgələrdə temperatur normadan xeyli yüksək olacaq. Bəzi ərazilərdə istilərin orta göstəricidən 80 faiz artıq ola biləcəyi qeyd olunur.
Bahar Babaşova, BakuPost