Ru
23:28 / 19 Avqust 2026

Uzunömürlülüyün sirri: Bu şəxslərdə “gizli silah” üzə çıxdı

Uzunömürlülüyün sirri: Bu şəxslərdə “gizli silah” üzə çıxdı
Eye

110 yaşdan yuxarı insanların immun sistemində xərçəng hüceyrələri ilə mübarizə apara bilən xüsusi T limfositlərinin daha çox olduğu müəyyən edilib. Alimlər bu hüceyrələrin insanların sağlam qocalmasına və uzunömürlülüyünə töhfə verə biləcəyini düşünürlər.

"Bakupost" xəbər verir ki, Osaka Universitetinin alimlərinin apardığı araşdırmanın nəticələri “Cell Reports” jurnalında dərc olunub.

Tədqiqatçılar 70-99, 100-109 və 110 yaşdan yuxarı olmaqla üç qrupa bölünmüş 28 nəfərin qan nümunələrini araşdırıblar.

Məlum olub ki, CD4 sitotoksik T limfositlərinin (CD4 CTL) sayı yaş artdıqca yüksəlir.

Bu hüceyrələrin orta payı 70-99 yaşlılarda 4 faiz, 100-109 yaşlılarda 9,6 faiz, 110 və daha yuxarı yaşda olanlarda isə 17,6 faiz təşkil edib.

Alimlər həmçinin müəyyən ediblər ki, bu artım əsasən klonal genişlənmə ilə bağlıdır. Yəni immun sistemi müəyyən təhlükə ilə qarşılaşdıqda, həmin təhlükəni tanıyan T hüceyrələri sürətlə çoxalaraq böyük hüceyrə qrupları yaradır.

Araşdırmada bəzi iştirakçılarda CD4 CTL-lərin böyük hissəsini tək bir klon təşkil edib. Məsələn, 100 yaşlı iştirakçılardan birində tək bir klon bütün CD4 CTL-lərin 53,8 faizini təşkil edib.

Daha maraqlısı isə həmin hüceyrələrin reseptorlarının xərçəng xəstələrindən əldə edilmiş məlumatlarla müqayisəsi zamanı ortaya çıxıb. Təxminən 30 reseptor uyğunluğu ağciyər, döş və qaraciyər xərçəngi ilə əlaqəli olub.

Araşdırmada iştirak edən yüz və ya daha çox yaşlı şəxslərdə bu xərçəng növləri diaqnoz edilmədiyindən, alimlər CD4 CTL-lərin onların immun sistemində xərçəngə qarşı erkən müdafiə reaksiyasının izlərini daşıya biləcəyini ehtimal edirlər.

Araşdırmanın ilk müəllifi Kosuke Haşimoto bildirib ki, CD4 CTL-lər nisbətən nadir immun hüceyrələridir və onların superuzunömürlülərdə əhəmiyyətli dərəcədə artması immun sisteminin həddindən artıq qocalıqda belə özünü qorumağa və yeni təhlükələrə uyğunlaşmağa davam etdiyini göstərə bilər.

Bununla belə, alimlər bu hüceyrələrin xərçəngin qarşısını aldığını və ya insanların daha uzun yaşamasına səbəb olduğunu hələ sübut etməyiblər.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar