ABŞ-nin Kaliforniya ştatında 41 yaşlı Rebekka Haro yeddi aylıq oğlu Emmanuelin ölümü ilə bağlı iş üzrə 12 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Qadın uşaq istismarı və ehtiyatsızlıq nəticəsində adam öldürmə ittihamları üzrə təqsirini etiraf edib.
Bakupost.az Ajans.az-a istinadən xəbər verir ki, körpənin ölümündən sonra valideynlər hadisəni gizlətməyə çalışaraq onun qaçırılması ilə bağlı saxta hekayə qurublar. Ötən ilin avqust ayında Rebekka Haro polisə müraciət edərək bildirib ki, San Bernardino dairəsində yerləşən dayanacaqda uşaq bezini dəyişdirərkən naməlum şəxs ona hücum edib və körpəni aparıb.
Daha sonra Rebekka və həyat yoldaşı Ceyk Haro televiziya kanallarına müsahibə verərək göz yaşları içində oğullarının geri qaytarılması üçün ictimaiyyətə müraciət ediblər. Lakin müstəntiqlər onların ifadələrində ciddi ziddiyyətlər aşkarlayıb və nəticədə hər iki valideyn həbs olunub.
32 yaşlı Ceyk Haro ötən ilin oktyabrında oğlunun qətlini törətdiyini etiraf edib. Məhkəmənin qərarı ilə o, 25 ildən ömürlük həbs cəzasına məhkum olunub. Prokurorların bildirdiyinə görə, Ceyk Haro kamera yoldaşına uşağı öldürdüyünü və daha sonra cəsədi zibil konteynerinə atdığını etiraf edib.
Buna baxmayaraq, yeddi aylıq Emmanuelin qalıqları indiyədək tapılmayıb.
Prokurorluq hesab edir ki, Rebekka Haro faciənin qarşısını almaq və övladını qorumaq imkanına malik olsa da, buna cəhd göstərməyib. İttihama görə, onun hərəkətsizliyi körpənin ölümünə gətirib çıxaran amillərdən biri olub.
Hadisə Kaliforniyada geniş rezonans doğurub. Hüquq-mühafizə orqanları uşağın qalıqlarının tapılması istiqamətində axtarışları davam etdirir.