Ru
13:57 / 31 Mart 2026

“Vasitəçi axtarılır” - Politoloq müharibədə danışıqlar ehtimalını açıqladı

“Vasitəçi axtarılır” -  Politoloq müharibədə danışıqlar ehtimalını açıqladı
Eye

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin 4-5 həftə çəkəcəyini söyləmişdi. Artıq 4 həftə geridə qalıb. Bu hesabla müharibə aprelin ortalarına qədər bitməlidir. Donald Tramp öldürülən ali dini lider və onun ətrafını nəzərdə tutaraq “İranda bir neçə dəfə rejimin dəyişməsinə nail olmuşuq” deyib. Halbuki ali dini lider və xeyli general öldürülsə də, rejim dəyişməyib. İranı idarə edənlərin isə hələlik Vaşinqtonla danışıqlara marağı yoxdur”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.

E. Şahinoğlunun sözlərinə görə, müharibənin dayandırılması üçün artıq vasitəçi axtarışına başlanılıb: “Ən çox Pakistanın adı çəkilir. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin bir neçə gün əvvəl İslamabadda görüşü də bundan xəbər verir. Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, ABŞ və İran Pakistanın vasitəçiliyinə müsbət yanaşırlar. Halbuki nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Ancaq mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini İslamabadın vasitəçiliyi ilə Tehrana göndərib. Tehran isə həmin təklifləri rədd edib”.



Politoloq vurğulayıb ki, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir: “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabrında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı hər hansı hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket zərbəsi endirərsə, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır. Səudiyyə Ərəbistanının ABŞ-ın İrana qarşı hərbi əməliyyatına dəstək verəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qalacaq. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir”.

“Yaxın Şərqdə gərginliyin azalması Pakistanın həyati maraqlarına cavab verir. Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücü ilə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərar olması vacibdir. Bu, rəsmi Pekin üçün də əhəmiyyətlidir. İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Pakistanla Əfqanıstan arasındakı gərginlik də Pekini ciddi narahat edir. Çünki Çin Pakistanla strateji tərəfdaş olmaqla yanaşı, nadir torpaq elementlərinin işlənməsi məqsədilə Əfqanıstana yatırımlarını artırıb. İki ölkə arasında toqquşmalar baş verdikdə, Pekin bölgənin resurslarından istifadə edə bilmir”, – deyə Elxan Şahinoğlu bildirib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar