Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub.
“Bakupost” xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul olunub.
Vəkillərin hüquqlarının genişləndirilməsinə ehtiyac varmı? Bu sahədə hansı addımlar atılmalıdır?
Hüquqşünas
Qulamhüseyn Əlibəyli “Bakupost”a bildirib ki, vəkillərin prosesual imkanları genişləndirilməlidir:
“Bunun üçün Cinayət Prosesual, Mülki Prosesual və İnzibati Prosesual qanunvericiliklərə müəyyən dəyişikliklər edilməli və burada vəkillərin qaldırdığı vəsatətlərin təmin olunması şərtləri dəqiq göstərilməlidir”.
Ekspert qeyd edir ki, vəkillərin təqdim etdiyi sübutlar ən azından araşdırılmalıdır:
“İndiki halda isə təqdim olunan sübutlar bir çox hallarda araşdırılmadan, müzakirəyə qəbul olunmadan rədd olunur.
Vəkillərin həmçinin şahid gətirmək, sənədlər təqdim etmək hüququ olsa da, onların araşdırılmasının məcburiliyi də bir çox hallarda məhkəmələr tərəfindən rədd edilir. Hesab edirəm ki, vəkilin qaldırdığı bütün məsələlərin məhkəmə baxışının predmeti olması məsələsi gündəmə gəlməlidir”.
O hesab edir ki, məhkəmə təcrübələri də yenidən təşkil olunmalıdır:
“Bir çox hallarda məhkəmələr vəkillərin qaldırdığı məsələlərə baxmır. Nəticədə onlar vəkillərə bir qədər etinasız yanaşırlar. Tərəflərdən biri olaraq vəkilin məhkəmə baxışındakı nüfuzu da qaldırılmalıdır”.
Müsahibimiz vəkillərin vəkillik hüququndan məhrum edilməsinin dəqiq əsaslarının olmasını da vacib hesab etdi:
“Bir sıra hallarda məhkəməyə sərt suallar ünvanlayan vəkillərin vəkillik səlahiyyətlərinə yeri gəldi-gəlmədi xitam verilir. Ona görə də vəkillərin vəkillik hüququndan məhrum edilməsinin dəqiq əsasları müəyyən olunmalıdır. İndilikdə bu əsasən məhkəmənin təqdimatı əsasında baş verir. Məhkəmə Vəkillər Kollegiyasına müraciət edir. Hesab edirəm ki, istintaq orqanları və məhkəmələrin vəkillərin səlahiyyətlərini dayandırması, intizam məsuliyyətinə cəlb olunması barədə məsələ qaldırmalarını da ləğv etmək lazımdır”.
Rüfət Sultan,
BakuPost