Ru
11:57 / 08 Yanvar 2026

Trampın növbəti hədəfi bu ölkədir – “Sayılı günləri qalıb”

Trampın növbəti hədəfi bu ölkədir – “Sayılı günləri qalıb”
Eye

ABŞ-nin Venesuelaya quru əməliyyatı həyata keçirərək ölkə lideri Nikolas Maduronu ələ keçirməsinin regional və beynəlxalq rezonansı davam etdiyi bir vaxtda, Vaşinqtonun növbəti hədəfinin Kuba ola biləcəyi ehtimalı gündəmə gəlib.

Bakupost.az “Financial Times”a istinadən xəbər verir ki, Prezident Donald Tramp əməliyyatdan bir gün sonra verdiyi açıqlamada bildirib ki, hərbi müdaxiləyə ehtiyac qalmaya bilər, çünki onun sözlərinə görə, Kuba “artıq çökməyə hazırdır”.

O, sonrakı çıxışlarında Havana rəhbərliyini açıq şəkildə hədəfə alaraq “sayılı günləri qalıb” ifadəsini işlədib.

Kubalı mühacir ailəsində anadan olan ABŞ Dövlət katibi Marko Rubio da mövzu ilə bağlı açıqlamasında “Əgər Havanada yaşasaydım və hökumətdə təmsil olunsaydım, ən azı bir qədər narahat olardım”, – deyib.

Florida ştatından cəmi 145 kilometr cənubda yerləşən ada dövlət 65 ildir ABŞ sanksiyaları altındadır.

Trampın Venesuela limanlarında sanksiyaların pozulduğu iddiası ilə neft tankerlərinin blokadaya alınması barədə verdiyi göstəriş Kubada illərdir davam edən yanacaq və elektrik enerjisi böhranını daha da ağırlaşdırıb.

Venesueladan neft axınının dayanması halında ölkədəki böhranın qısa müddətdə daha ciddi miqyas alacağı bildirilir. Karakas Havananın neft tələbatının təxminən 30%-ni təmin edirdi.

ABŞ administrasiyasının blokada çərçivəsində Karib hövzəsində ələ keçirdiyi tankerlərdən biri olan “Skipper” Venesueladan Kubaya təxminən 2 milyon barel neft daşıyırdı.

ABŞ Venesuelaya təzyiq göstərərək Kubaya neft axınını dayandırmağa çalışa, eyni zamanda Meksikanı da oxşar şəkildə sıxışdıra bilər. Qeyd olunur ki, Meksika ötən il Venesuelanı geridə qoyaraq Kubanın ən böyük neft tədarükçüsünə çevrilib.

İkinci ssenari isə Venesuelada olduğu kimi birbaşa hərbi əməliyyatın həyata keçirilməsidir. Bildirilir ki, ABŞ Kuba ordusundakı bəzi fiqurlarla əməkdaşlıq edərək Havana hakimiyyətini devirməyə və rejimin daha “pragmatik” elementləri ilə tərəfdaşlıq qurmağa cəhd göstərə bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar