ABŞ Prezidenti Donald Tramp Venesuelaya hərbi əməliyyat həyata keçirməyi düşünür, lakin əməliyyatın uğurlu olacağına dair şübhələr səbəbindən bu seçimi tezliklə həyata keçirməyə tələsmir.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, “Wall Street Journal” (WSJ) jurnalına danışan ABŞ-li məmurlar bildirib ki, Tramp yüksək vəzifəli rəsmilərlə görüşlərində hərbi əməliyyatın Venesuela lideri Nikolas Maduroyu hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayət edəcəyinə şübhə ilə yanaşdığını bildirib. Mənbələr həmçinin Maduroya təzyiq göstərmək və ya Karakas hökumətini müəyyən güzəştlər verməyə məcbur etmək üçün hələ aydın strategiyanın formalaşmadığını vurğulayıb.
Mövcud strategiyalar
Mənbələr bildirirlər ki, Tramp Karib və Sakit okean bölgələrində hərbi gücünü artırmaq və narkotik daşınmasında iştirak etdiyi iddia olunan gəmilərə qarşı əməliyyatları davam etdirəcək.
“New York Times” isə ABŞ Prezidentinin qarşısında hərbi əməliyyat xaricində iki alternativ yol olduğunu yazıb:
1. Venesueladan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq etmək və əlavə gömrük vergiləri qoymaqla Karakas üzərində iqtisadi təzyiqi gücləndirmək.
2. Maduroya təzyiqi artırmaq üçün bir tərəfdən hərbi gücü davam etdirmək, digər tərəfdən isə müxalifətə dəstəyini gücləndirmək.
Hərbi əməliyyat halında ABŞ qüvvələrinin Venesuela ordusuna aid obyektləri hədəf alan hava zərbələri və gizli əməliyyatlar həyata keçirə biləcəyi bildirilir. Tramp əvvəllər CIA-ya əməliyyat əmri verdiyini də açıqlayıb.
ABŞ-nin Ədliyyə Nazirliyi isə Venesuelaya hərbi əməliyyatı qanuni əsaslarla izah etmək üçün çalışır. “WSJ”-nin məlumatına görə, nazirlik jurnalın sorğularına cavab verməyib.
***
Analitiklər xatırladır ki, Trampın ilk dönəmində Maduroyu devirmək üçün müxalifətə dəstək vermə strategiyası uğursuz olub. Bu səbəbdən Prezident birbaşa ölkə siyasətinə müdaxilə etməyə ehtiyatla yanaşır.
Ağ Ev sözçüsü Karoline Leavitt deyib ki, “Prezident narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplara qarşı əməliyyatlarını davam etdirəcək. Bunun xaricində hər şey yalnız spekulyasiyadır.”
***
Dünən Mayamidə keçirilən iş forumuna onlayn qatılan Venesuelada müxalifət lideri Mariya Korina Maçado bildirmişdi ki, Maduro hakimiyyəti tərk etməyə razı olmalıdır: “Əgər Maduro hakimiyyəti təhvil verərsə, proses nizamlı və sürətli olacaq. Amma nə etsə də, dəyişiklik baş verəcək”.
Digər Ağ Ev administrasiyası rəsmilər qeyd edir ki, Maduro yalnız narkotik qaçaqmalçılığı dayandırdığı, ABŞ-nin Venesueladakı neft ehtiyatlarına çıxışını və ədalətli seçkilərin keçirilməsini təmin etdiyi müddətcə vəzifədə qala bilər.
***
Tramp Latın Amerikasında narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə hərbi gücü artırmaq tapşırığı verib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə 16-dan çox əməliyyat keçirib və narkotik qaçaqmalçılığına qarışdığı iddia olunan 65-dən çox şəxsi zərərsizləşdirib.
Maduro isə ABŞ-nin Karib bölgəsindəki hərbi fəallığını tənqid edərək, “Dünyanın ən böyük neft ehtiyatlarına sahib olduğumuz üçün bizi hədəf alırlar”, – deyib.
Cavid, BakuPost