Azərbaycanda vergi ödəyicilərinin sayının son bir ildə 4,8% artaraq 1 milyon 715 min 746 nəfərə çatması ölkədə biznes fəaliyyətinin yaxşılaşdığını göstərməyə bilər.
Bunu
“Bakupost”a maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov bildirib.
Ekspertin sözlərinə görə, bu göstərici biznesin vəziyyətinin yaxşı olduğunu göstərmir:
“Ümumən bu sualın cavabı odur ki, biznesin vəziyyəti yaxşıdırsa, niyə ölkədə iqtisadi artım yoxdur? Bu rəsmi şəkildə təsdiqlənib ki, 6 ay ərzində ölkəmizdə son 20-25 ildə ilk dəfədir ki, iqtisadi artım yoxdur. Yəni deməli, heç də bu göstərici ondan xəbər vermir.
Yəni bu artım, mən ehtimal edirəm, daha çox vergilərin optimallaşdırılması, vergidən yayınmağın metodlarından biridir. Yəni vergi inzibatçılığı sərtləşdikcə sahibkarlar eyni biznesi parçalamağa meyilli olurlar.
Adi bir misal gətirim, aydın olsun. İllik dövriyyəsi 200 min manatdan yuxarı olan şirkətlər birincisi, ya sadələşdirilmiş vergi ödəyicisi ola bilər, ikincisi də ƏDV-yə cəlb olunub. Buna görə də xeyli sahibkar maraqlıdır ki, onun illik dövriyyəsi 200 mini ötməsin”.
Əkrəm Həsənov düşünür ki, məhz buna görə də eyni fəaliyyəti bir neçə şirkət və sahibkar arasında bölürlər:
“Tutaq ki, şəxsi fərdi sahibkardır, kişidir. Görür ki, illik dövriyyəsi artıb, götürür arvadını da fərdi sahibkar edir. Güya ki, fəaliyyətin bir hissəsi ona aiddir. Nəticədə də indiki kimi artım rəqəmləri ortaya çıxır”.
Vüsalə Hüseynova,
BakuPost