Son günlər vətəndaşlara “Kapital Bank” tərəfindən “myGov” platformasında şəxsi məlumatlarına girişlə bağlı icazə sorğularının göndərilməsi narazılıq yaradıb.
“Bakupost” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə şikayətlərin sayı artıb.
Şikayətçilərin sözlərinə görə, banka hər hansı müraciət etmədikləri halda, onların məlumatlarının yoxlanılması üçün “myGov” sistemi üzərindən icazə sorğusu göndərilir.
Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakupost"a bildirdi ki, “Kapital Bank” və yaxud digər hansısa bank tərəfindən hansısa vətəndaşın adından dövlət qurumuna, digər müəssisə və ya təsisata sorğu göndərilməsi qanunvericilik baxımından hüquq pozuntusudur:
"Lakin burada diqqət edilməli məqamlar var. Banklar vətəndaşlara müəyyən xidmətlər göstərir. Bu xidmətlərin göstərilməsi ilə bağlı operativliyin təmin edilməsi üçün bəzi məlumatlar var ki, müştərilər həmin məlumatları təqdim etməlidirlər. Vətəndaşlara əlavə iş yükü yükləməmək üçün bank özü bəzi elektron sistemlərdən dövlət qurumlarına aid məlumatları sorğu ilə əldə edə bilir. Bunlar bankın müştəriyə göstərdiyi xidmətin tərkib hissəsidir. Həmin məlumatların alınması müqavilədə öz əksini tapmalıdır. Lakin digər şəxsi və vətəndaşa göstərilən xidmətlə bağlı olmayan məlumatların əldə edilməsi qanunsuzdur. Çünki bu səlahiyyət vətəndaşın adından yalnız və yalnız notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında verilə bilər. Vətəndaş banka və yaxud onun hər hansı əməkdaşına notarial qaydada təsdiq edilmiş etibarnamə verməyibsə, istənilən bank vətəndaşın adından hər hansı platformadan istər Dövlət Sosial Müdafiə Fonduna, istər Dövlət Məşğulluq Agentliyinə, istərsə də digər dövlət təsisatına sorğu göndərə bilməz. Çünki bu, ilk növbədə, vətəndaşın qanunvericiliklə müəyyən edilmiş hüququdur. Həmin hüquqdan istifadə etmək üçün digər şəxslərə vətəndaşın adından məlumat əldə etmək səlahiyyəti Azərbaycan qanunvericiliyinə uyğun təsdiq edilmiş etibarnamə əsasında verilməlidir”.
X.Bəşirov vurğulayıb ki, vətəndaşın şəxsi məlumatlarının əldə edilməsi onun özünün razılığı və verdiyi etibarnamə ilə həyata keçirilməlidir:
“Düşünürəm ki, vətəndaşlar bu narazılıqlarında haqlıdırlar. Bank deyə bilər ki, sorğularla bağlı biz sizə məlumat vermişik. Amma bu məlumatın verilməsi o sorğuların verilməsinə haqq qazandırmır. Çünki sorğunun verilməsi üçün Azərbaycan qanunvericiliyi birmənalı şəkildə tələb edir ki, həmin bank və yaxud sorğu göndərən təşkilata müvafiq səlahiyyətlər verilməlidir. Əgər o səlahiyyətlər verilmirsə, vətəndaşın adından hər hansı sorğunun verilməsi və daha sonra həmin sorğunun verilməsi barədə vətəndaşın məlumatlandırılması heç nəyi dəyişmir”.
X.Bəşirov əlavə edib ki, dövlət qurumları həmin sorğulara hər hansı şəkildə cavab verirlərsə, bu da qanunsuz sayılır:
“Çünki həmin sorğunu göndərən tərəf - istər bank, istərsə də hər hansı fiziki şəxs olsun, mütləq şəkildə öz səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Əgər Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və ya digər dövlət qurumları onlara daxil olmuş sorğuda sorğunu göndərən şəxslə barəsində sorğu verilən şəxsin fərqli adamlar olduğunu görürlərsə, mütləq şəkildə etibarnamə tələb etməlidirlər. İndi “Kapital Bank” göndərib deyə bunu tələb etməmək düzgün deyil. Əgər həmin qurumlar sorğuya cavab veriblərsə, bilmirəm, cavab veriblərmi, bu halda həmin qurumlar da prosesə qanunsuz yanaşmış olurlar. Yenə də qeyd edirəm ki, vətəndaşlar bu məsələdə narazı olmaqda haqlıdırlar”.
Məsələ ilə bağlı "Kapital Bank"dan sorğumuza cavab verilmədi.
Lalə, BakuPost