Ru
15:36 / 04 İyun 2026

Viruslar qəsdən yayılır?

Viruslar qəsdən yayılır?
Eye

Son həftələrdə dünya mediasında Ebola, Hantavirus, Denqe və Meymun Çiçəyi kimi müxtəlif virusların yenidən yayılması ilə bağlı xəbərlər geniş müzakirə olunur. Bu isə cəmiyyətdə müxtəlif suallar və narahatlıqların yaranmasına səbəb olub. Xüsusilə bəzi sosial şəbəkə istifadəçiləri bu epidemiyaların “əhalinin sayını azaltmaq məqsədilə bilərəkdən yaradıldığı” iddialarını irəli sürürlər.


Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a açıqlama verən sosioloq Rəvan Əliyev bu iddiaların heç bir elmi əsası olmadığını bildirib.

“Ebola, Hantavirus, Denqe və Meymun Çiçəyi kimi xəstəliklərin yayılması qloballaşma, iqlim dəyişiklikləri, urbanizasiya, beynəlxalq miqrasiya və insanların təbiətə müdaxiləsinin artması kimi amillərlə əlaqələndirilir. Elmi ictimaiyyət arasında bu virusların əhalinin sayını azaltmaq məqsədilə qəsdən yaradıldığına dair etibarlı və sübut olunmuş faktlar mövcud deyil.”

Sosioloq həmçinin müasir dövrün risklərini izah edərək Ulrix Bekin “risk cəmiyyəti” nəzəriyyəsinə istinad edib.

Onun sözlərinə görə, texnoloji inkişaf və qloballaşma yeni qlobal risklər yaradır və pandemiyalar da bu risklərə daxildir.

“Belə hallarda insanların qeyri-müəyyənlikdən narahat olması müxtəlif konspirasiya nəzəriyyələrinin yaranmasına səbəb olur. Bu, sosial-psixoloji baxımdan başa düşüləndir, lakin elmi sübutlarla təsdiqlənmir”

Dünyanın növbəti epidemiya və ya pandemiyaya hazırlığı məsələsinə gəlincə, ekspert bildirib ki, COVID-19 təcrübəsindən sonra bir çox ölkələr səhiyyə sistemlərini gücləndirib, erkən xəbərdarlıq və epidemioloji monitorinq mexanizmlərini inkişaf etdirib.

Bununla belə, o vurğulayıb ki, qlobal miqyasda tam hazırlıqdan danışmaq mümkün deyil və bunun əsas səbəbi ölkələr arasında iqtisadi və texnoloji imkanların ciddi şəkildə fərqlənməsidir:

“Dünyada bütün ölkələrin eyni səviyyədə hazır olması real deyil. İnkişaf səviyyəsi, resurslar və texnologiyaya çıxış imkanları ciddi fərqlənir. Bu səbəbdən pandemiyalara qarşı hazırlıq ölkədən-ölkəyə dəyişir və vahid qlobal standartdan danışmaq çətindir.”

Onun sözlərinə görə, belə təhlükələrə qarşı ən effektiv yanaşma elmi biliklərə əsaslanmaq və dezinformasiyaya qarşı mübarizə aparmaqdır:

“Müasir dövrdə virusların özü qədər təhlükəli olan amillərdən biri də əsassız məlumatların və qorxu mühitinin sürətlə yayılmasıdır. Buna görə də məsələyə emosional deyil, elmi və rasional yanaşmaq vacibdir.”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar