Payızın gəlişi ilə havaların tədricən soyuması, gün ərzində temperaturun dəyişməsi və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi virus infeksiyalarının yayılması riskini artırır. Səhər saatlarında sərin, günorta isə nisbətən isti havanın müşahidə olunması orqanizmin temperatur dəyişikliklərinə uyğunlaşmasını zəruri edir. Xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olanlar bu dövrdə daha diqqətli olmalıdır.
Mütəxəssislər bildirirlər ki, payız aylarında sağlamlığın qorunması üçün yalnız mövsümə uyğun geyinmək kifayət etmir. İş və istirahət rejiminə diqqət yetirmək, xəstə insanlarla təması azaltmaq, zərurət olduqda qoruyucu maskalardan istifadə etmək və xroniki xəstəliklərlə bağlı müalicəni nəzarətdə saxlamaq vacibdir. Bəzi hallarda isə virus infeksiyalarından qorunmaq üçün peyvəndlər də effektiv vasitələrdən biri hesab olunur.
“Payızın gəlməsi ilə səhərlər havalar soyuyur. Saat 11-dən sonra isə temperatur artmağa başlayır. Bu hal adətən yeniyetmə və gənclik dövründə olan insanların immun sisteminə o qədər də təsir etmir. Həmin şəxslərin adaptasiya qabiliyyəti yüksək olduğu üçün onların səhhətində ciddi problemlər yaranmır”.
"Bakupost" xəbər verir ki, bunu “Yeni Sabah”a həkim-terapevt Rasim Bağırov deyib.
O bildirib ki, virus infeksiyalarının yayıldığı dövrlərdə iş və istirahət bölgüsünü tarazlamaq çox vacibdir:
“Həmin şəxslər özlərini daha çox xəstə və virusa yoluxmuş insanlardan qorumağa çalışmalıdırlar.
Yaşlı adamlarda vəziyyət bir az fərqlidir. Onların adaptasiya qabiliyyəti aşağı olduğu üçün istənilən virusa tez bir zamanda yoluxa bilirlər. Bu kimi halların qarşısını almaq üçün həmin şəxslərin cəmiyyət arasında olduqda qoruyucu maskalardan istifadə etmələri daha məqsədəuyğundur. Çünki hava-damcı yolu ilə virusa yoluxa bilərlər”.
R.Bağırov qeyd edib ki, payız fəsli dövründə xroniki xəstəliyi olan insanlar müalicə proseslərini davam etdirməlidirlər:
“Həmin ərəfədə orqanizmin müəyyən vitaminlərə ehtiyacı olur. Onları qəbul etmədikdə isə həmin şəxslər müəyyən problemlərlə üzləşir. Ona görə də xəstəliyin aktivləşməsinə imkan verməmək üçün bu prosesi davam etdirmək vacibdir.
Bəzən sağlam şəxslər viruslara yoluxmamaq üçün peyvəndlərdən istifadə edirlər. Bu da yoluxma hallarının qarşısını almaq üçün effektiv üsullardan biridir və belə hallarda müəyyən viruslara qarşı olan peyvəndlərdən istifadə etmək məqsədəuyğundur”.