Dünya “böyük bir müharibənin astanasındadır” və ölkələr bundan “yayınmaq” üçün heç bir addım atmır.
Bakupost.az xəbər verir ki, belə bir bəyanatla Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edib.
“Düşünürəm ki, böyük müharibə ərəfəsindəyik. Buna görə də ümid edirdim ki, kimlərsə bundan qaçmaq üçün addımlar atacaq. Lakin bu baş vermədi və yaxın dövrdə də baş verməyəcək. Deməli, biz daha kəskin gərginlik ərəfəsindəyik”-deyə Vuçiç bildirib.
Görəsən, Vuçiçin bu xəbərdarlığı nə dərəcədə realdır?
Milli Məclisin deputatı Arzuxan Əlizadə
Bakupost.az-a bildirib ki, Serbiya Prezidentinin dünyanın “böyük bir müharibənin astanasında” olması ilə bağlı açıqlaması, əlbəttə, diqqətdən kənarda qala bilməz:
“Hazırkı beynəlxalq mənzərəyə nəzər saldıqda görürük ki, müxtəlif regionlarda davam edən münaqişələr, böyük dövlətlər arasında artan geosiyasi qarşıdurma, silahlanma yarışının sürətlənməsi və diplomatik kanallarda etimadın zəifləməsi qlobal təhlükəsizlik baxımından ciddi risklər yaradır”.
Lakin bununla belə, deputat hesab edir ki, bunu avtomatik olaraq yaxın perspektivdə dünya müharibəsinin başlayacağı anlamında qəbul etmək doğru olmaz.
Müsahibimiz eyni zamanda, Vuçiçin açıqlamasında müəyyən siyasi mesajların olmasını da istisna etmədi:
“Serbiya rəhbərliyi xüsusilə Balkanlarda və Avropa təhlükəsizlik sistemində baş verən proseslərə dair öz mövqeyini daha görünən etmək, ölkəsinin geosiyasi əhəmiyyətini önə çıxarmaq və Qərb-Rusiya qarşıdurmasında manevr imkanlarını qorumaq istəyir. Buna görə də bu cür bəyanat həm real təhlükəsizlik narahatlığının ifadəsi, həm də siyasi-diplomatik mesaj kimi qiymətləndirilə bilər. Hər halda burada əsas məsələ konkret olaraq Vuçiçin hansı motivlə belə açıqlama verməsindən daha çox, beynəlxalq münasibətlər sistemində müharibə risklərini artıran səbəblərin həqiqətən mövcud olmasıdır. Hazırda dünya həqiqətən də daha mürəkkəb və riskli mərhələdən keçir və dövlətlərin əsas vəzifəsi qarşıdurmanı dərinləşdirmək deyil, diplomatik mexanizmləri gücləndirmək, dialoq kanallarını açıq saxlamaq və regional münaqişələrin qlobal qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır. Azərbaycanın bu baxımdan nümayiş etdirdiyi balanslı xarici siyasət və müxtəlif güc mərkəzləri ilə dialoqa açıq mövqeyi də mühüm əhəmiyyət daşıyır”.
Rüfət Sultan,
BakuPost