Ru
12:21 / 06 Oktyabr 2026

Xalq artisti Nurəddin Mehdixanlının 70 yaşı tamam olur

Xalq artisti Nurəddin Mehdixanlının  70 yaşı tamam olur
Eye

Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının 70 yaşı tamam olur.

“Bakupost” xəbər verir ki, sənətkar 1956-cı il oktyabrın 6-da Cəlilabad rayonunun Tahirli kəndində 17 uşaqlı ailədə dünyaya gəlib. Ailədə 10 qız, 7 oğul olublar.

Nurəddin Mehdixanlının aktyor olacağı həmin illərdə heç kimin ağlına gəlməyib. Ailədə hərbçilərin çox olması səbəbindən Nurəddinin də bu yolu seçəcəyi düşünülüb. Atası isə onun hüquqşünas olmasını istəyib.

O, hüquq fakültəəsinə qəbul olmaq üçün imtahanları uğurla verib. Lakin həyatı Bakıda “26-lar adına teatr dərnəyi”ndəki hadisədən sonra dəyişdi. Nurəddinin hüquq fakültəsinə qəbul sənədini dərnəyin rəhbəri Lütfi Məmmədbəyov alaraq cırdı və “Sən yaxşı aktyor olacaqsan” dedi.

1974-cü ildə sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutununa verən Nurəddin dram və kino aktyorluğuna qəbul oldu. Bu qərar atasının ciddi etirazı ilə qarşılandı. Atası ömrünün sonunadək onunla danışmadı və aktyor ailəsindən maddi dəstək görmədi.

O, 1978-ci ildə Adil İsgəndərovun rəhbərlik etdiyi kursu bitirdi. Həmin il təyinatla Akademik Milli Dram Teatrına göndərildi və sentyabrın 1-dən teatrın aktyor truppasında fəaliyyətə başladı.

Nurəddin Mehdixanlı uzun illər ərzində teatr səhnəsində, televiziya tamaşalarında və filmlərdə müxtəlif obrazlar yaratdı. Akademik Milli Dram Teatrında Mehdi, Xasay, Hidayət xan, Ross, Yazon, Kərim bəy, Muxtar, Kamran, Təbriz, Böyük bəy və digər rolları ifa etdi.

Aktyor “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat” filmində isə Vüqar Quliyev obrazını canlandırdı.

Nurəddin Mehdixanlı sənət fəaliyyəti ilə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğul olub. O, 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 1995-ci ildən 2021-ci ilədək partiya sədrinin siyasi məsələlər üzrə müavini olub.

Sənətkar 1986-ci ildə "Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti", 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2002-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görüldü. Müxtəlif illərdə Prezident mükafatları ilə təltif edilib.
2016-ci ildə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən Nurəddin Mehdixanlı 2017-ci ildə Cəfər Cabbarlı mükafatını alıb. O, 2019-cu ildə teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. 2024-cü ildə isə Prezidentin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.

Qeyd edək ki, Nurəddin Mehdixanlı Xalq artisti Qabil Mehdixanlının kiçik qardaşıdır.

Lalə, BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar