Bu gün 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Sabir Rüstəmxanlının “Azərbaycan adından…” kitabının təqdimatı və imza günü keçirilib.
"Bakupost" xəbər verir ki, “Azərnəşr”də nəfis tərtibatla işıq üzü görən “Azərbaycan adından…” kitabında müəllifin müxtəlif xarici ölkələrə səfərləri zamanı qələmə aldığı xatirələr, müşahidələr və düşüncələr yer alıb.
Xalq şairi, millət vəkili və Dünya Azərbaycanlıları Konqresinin sədri kimi müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən Sabir Rüstəmxanlının səfər qeydləri zəngin məzmunu və özünəməxsus üslubu ilə diqqəti cəlb edir.
Müəllifin dünya haqqında düşüncələrini əks etdirən “Yer kürəsinin gecəsindən gündüzünə və ya tərsinə adladıqca elə bildim planet mənim əllərimdə fırlanır” fikri kitabın fəlsəfi və publisistik ruhunu səciyyələndirir.
“Azərbaycan adından…” yalnız səfər təəssüratlarından ibarət deyil, həm də ömrünü milli ideallara, Azərbaycanın azadlığına və bütövlüyünə həsr etmiş bir şairin dünyaya Azərbaycan sevgisi ilə baxışını əks etdirən əsərdir.
İmza günü çərçivəsində keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərnəşr”in baş direktoru Əlövsət Ağalarov və professor İbrahim Quliyev çıxış edərək Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatında və ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan danışıblar.
Çıxışçılar vurğulayıblar ki, milli düşüncənin, vətənpərvərlik ruhunun və azərbaycançılıq məfkurəsinin ədəbiyyatımızdakı görkəmli təmsilçilərindən olan Sabir Rüstəmxanlı çoxşaxəli yaradıcılığı ilə xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və istiqlal düşüncəsinin yaşadılmasına mühüm töhfələr verib.
Bildirilib ki, şairin yaradıcılığında Azərbaycanın qədim tarixi, milli kimliyi, azadlıq idealları və xalqımızın mənəvi dünyası xüsusi yer tutur. Onun əsərləri bədii sözün qüdrəti ilə yanaşı, milli özünüdərkə, tarixi köklərə bağlılığa və Vətən sevgisinə sədaqətin parlaq ifadəsidir.
Tədbirdə yeni nəşrin ədəbi və ictimai əhəmiyyətindən də söz açılıb, kitabın oxuculara Azərbaycanı fərqli coğrafiyalardan və müxtəlif hadisələrin fonunda tanımaq imkanı yaratdığı qeyd olunub.
Daha sonra Sabir Rüstəmxanlı oxucularla görüşərək yaradıcılığı, yeni kitabı və səfər xatirələri barədə fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda Xalq şairi “Azərbaycan adından…” kitabını imzalayaraq oxuculara təqdim edib.