Ru
21:52 / 27 Mart 2026

Xameneidən sonra Putin dərhal hərəkətə keçdi

Xameneidən sonra Putin dərhal hərəkətə keçdi
Eye

Bu həftə Moskvanın mərkəzində istənilən kafeyə girin və yeni reallığı görəcəksiniz: moskvalılar kağız xəritələrin üzərinə əyilib, ucuz peycerlərə baxaraq sanki 1995-ci ilə qayıdıblar. Mobil internet? Kəsilib. Taksi, çatdırılma, bank tətbiqləri, hətta Quql Məps (Google Maps)? Ölü vəziyyətdədir. Vatsap və Teleqram tətbiqlərdən istifadə ya ciddi məhdudlaşdırılıb, ya da tam bloklanıb. Kreml bunu Ukrayna dronlarına qarşı "müvəqqəti təhlükəsizlik tədbirləri" adlandırır. Ruslar isə bunu başqa cür adlandırır: Xamenei effekti.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“Zamanlamaya diqqət yetirək. 28 fevralda ABŞ və İsrailin kəşfiyyat məlumatlarına əsaslanan (telefonlardan, müşahidə kameralarından, messencerlərdən və sındırılmış cihazlardan geolokasiyanı da əhatə edən) zərbələri İranın ali lideri ayətullah Əli Xameneini birbaşa iqamətgahında məhv etdi. Bir neçə həftə sonra İran Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani də aradan götürüldü. İran rejiminin komanda strukturu bir neçə dəqiqə ərzində başsız qaldı, çünki onun liderləri rəqəmsal dövrdə izlənilə bilirdi.

Və sonra, sanki siqnal verilmiş kimi, Rusiyada mobil internet yoxa çıxmağa başladı: 5 martda Moskva ətrafı ərazilərdə, sonra paytaxt və Sankt-Peterburqda. Fevralda Putin tərəfindən imzalanmış yeni qanun FSB-yə istənilən vaxt operatorlara mobil və simli rabitəni söndürmək əmri vermək hüququ verir. Kremlin sözçüsü Dmitri Peskov bunun "kritik infrastrukturun" qorunması olduğunu deyir. Əlbəttə. Eynilə İranın ali liderinin bunker bombası düşən anda "öz vəzifəsini yerinə yetirməsi" kimi.

Qərb analitikləri bunu açıq deyir. “Nyusvik” in ötən həftəki başlığı Moskva daxilində pıçıltı ilə müzakirə olunan sualı ortaya qoyur: "Putinə qarşı sui-qəsd qorxusu internetin kəsilməsini izah edə bilər”. Məhz belə. ABŞ və İsrail kəşfiyyatına Xameneini tapmağa imkan verən eyni alətlər, telefonlar, baza stansiyalarından siqnallar, tətbiqlərdən sızan lokasiya məlumatları, hətta guya qorunan messencerlər indi Kreml üçün əsas təhdidə çevrilib. Əgər onlar Tehrandakı ən paranoik adamı tapa bildilərsə, niyə Kremldəkinin yerini tapa bilməsinlər?
Bu, dronlarla bağlı deyil. Ukrayna dronlarına hədəfi düzgün tapmaq üçün rus vətəndaşlarının İnstaqram lentlərinə ehtiyacı yoxdur”, - ekspert bildirib.

O əlavə edib ki, Putin gördü ki, onun avtoritar həmkarı mobil siqnallar və peyk məlumatları olan müasir döyüş meydanında “yoxa çıxıb”:

“Putinin buna cavabı nə oldu? Hakimiyyətin cəmləşdiyi yerlərdə, paytaxtda, hökumət məhəllələrində, real qərarların verildiyi və real sui-qəsdlərin koordinasiya oluna biləcəyi məkanlarda bütün internet şəbəkəni söndürmək. Məqsəd özünü növbəti Xamenei olmaqdan qorumaqdır.
Və burada acı ironiya var: Putin rəqəmsal bunkerini nə qədər gücləndirirsə, rejim əslində bir o qədər zəifləyir. İnsanlar ünsiyyət qura bilməyəndə təşkilatlana da bilmirlər. Amma eyni zamanda işləyə, yenilik yarada və hətta normal şikayət edə də bilmirlər. İqtisadiyyat hər gün milyardlarla rubl itirir.
Onsuz da kütləvi şəkildə ölkəni tərk edən gənclər üçün bu, ölkəni yüksək texnologiyalı həbsxana kimi görmək üçün daha bir səbəbdir. Putini qorumağa hesablanmış təcrid sonda onun ətrafındakı sistemi boğacaq.

Tehrandakı mollalar XXI əsrdə yüksək dəqiqlikli kəşfiyyatdan gizlənməyin mümkün olmadığını çox gec anladılar. Putin isə bütöv bir ölkəni gizlətməyə çalışır. O, Rusiyanı gücləndirmir, o, daha böyük və daha qorxulu bunker tikir və ümid edir ki, millət susacaq.

Tarix adətən göstərir ki, bunkerlər, nə qədər möhkəm olsalar da, onları tikənləri nadir hallarda xilas edir. Onlar sadəcə divarlar çökəndə səs-küyü daha gur edir”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar