Bəzi xarici sosial şəbəkə hesablarında meyvə-tərəvəzlərə həddindən artıq pestisid vurulduğunu göstərən görüntülər yayılıb. Bu məlumatlar xüsusilə xaricdən gətirilən məhsulların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Nəticədə isə marketlərdə satılan meyvə-tərəvəzlərin keyfiyyəti yenidən gündəmə gəlib. İddialara görə, bu maddə insan orqanizmi üçün son dərəcə təhlükəlidir və xərçəng yaratma təsirə malikdir.
Bəs ekspertlər nə düşünür, pestisidlər insan orqanizmi üçün nə dərəcədə təhlükəlidir? Xaricdən Azərbaycana gətirilən meyvə-tərəvəzlərdə bu maddələrin miqdarı necə yoxlanılır?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, pestisidlər təkcə xarici meyvələrə yox, Azərbaycanda yetişdirilən tərəvəzlərə də vurulur:
“Bu, zərərvericilərdən qorunmaq üçündür. Məsələn, nar, alma qurdlayır, bunun qarşısını almaq üçün pestisidlərdən istifadə olunur. Pestisidlər arzuolunmaz, çox zərərli maddələrdir. Əlbəttə, bunun insan orqanizmi üçün ciddi zərərləri var. Xərçəng onlardan biridir. Hələ mənşəyi məlum olmayan çoxsaylı təsirləri var. Çox təəssüflər olsun ki, pestisidləri ekspress yolla yoxlayan bir aparat yoxdur. Nitratları yoxlamaq olur, amma onları yoxlamaq üçün ekspress metod yoxdur. Və yaxud da mənə məlum deyil”.
E.Hüseynov vurğulayıb ki, Azad İstehlakçılar Birliyi daim bu məsələdən qayğılıdır:
“Meyvə-tərəvəzin zərərvericilərdən qorunması üçün pestisidləri onlara xüsusi aparat vasitəsilə çiləyirlər. İstisna olunmur ki, qabıqlar vasitəsilə onun tərkibinə də keçir. Ona görə meyvə-tərəvəz mütləq və mütləq yuyulmalıdır. Lakin bazara çıxarılan və laboratoriyalarda kimyəvi baxımdan keçirilən, o cümlədən Azərbaycana idxal edilən meyvə-tərəvəz mütləq pestisidlərə görə yoxlanılır. Qida Təhlükəsizliyi Agentliyi bu yoxlamanı aparır. Pestisidlər ciddi yoxlama obyekti olan amildir. Yoxlanılır və pestisid qalıqlarının həddi normadan artıqdırsa, əlbəttə, Azərbaycan bazarına buraxılmamalıdır. Təəssüflər olsun ki, Azərbaycanda xüsusən pomidor, xiyar yetişdirilməsində bu maddədən çox istifadə olunur”.
Mövzu ilə bağlı Bakupost.az -a danışan qida eksperti Fərid Səfərov bildirib ki, xaricdən gələn meyvələr haqqında belə iddialar tez-tez yayılır:
"Pestisidlər meyvəyə sonradan qatılmır. Bu maddələr bitkiləri zərərvericilərdən qorumaq üçün tarlada istifadə olunur.
Heç bir ölkə meyvəyə qəsdən zərərli kimyəvi maddə “əlavə etmir” – bu həm iqtisadi baxımdan mənasızdır, həm də qanunla qadağandır".
Ekspertin sözlərinə görə, yüksək dozada pestisid xərçəng yaradır, lakin real həyatda qəbul edilən miqdar çox aşağıdır:
"Dünyanın hər yerində meyvələrdə pestisid qalığı üçün maksimum təhlükəsiz limitlər müəyyən olunub. Bu həddin üzərində məhsul satıla bilməz.Elm göstərir ki, İnsan gündəlik meyvədən toksiki və ya xərçəng yaradan dozalara çata bilmir. Bu doza çox-çox yüksək olmalıdır. Təhlükə pestisiddən yox, düzgün yuyulmayan məhsuldan və yüksək riskli bəzi ölkələrdə nəzarətsiz istifadədən yarana bilər, əgər:
- Meyvə çox parlaqdır, mumlu görünür.
- Çox iri, qoxusuz və dadsızdır.
- Həddən artıq ucuzdur və ya mənşəyi bilinmirsə artıq uzun müddətli istifadə real sağlamlıq riskləri yaradır.
F.Səfərov vurğulayıb ki, meyvəni doğru yumaq pestisid qalıqlarının 70–90%-ni azaldır:
"Axar su altında yaxşı sürtmək lazımdır.Mövsümündə almaq vacibdir. Mövsümi meyvədə kimyəvi yük daha az olur".
Lalə Novruz, BakuPost