Son illər Azərbaycanda Xəzər dənizinin sahillərində suitilərin toplu ölümü baş verir. Sosial mediada yayılan videolarda vətəndaşlar tez-tez suiti cəsədləri ilə rastlaşdıqlarını bildirirlər.
Mövzu ilə bağlı
“Bakupost”a danışan ekoloq Sadiq Həsənov bildirib ki, Xəzərdə suitilərin kütləvi ölümü artıq qeyri-adi hal sayılmır:
“Bəzən Qazaxıstan, bəzən Türkmənistan, Rusiya və Azərbaycan sahillərində suitilərin ölü halda tapılması adi hala çevrilib. Vaxtilə Xəzərdə suitilərin sayı çox idi. Təxminən 50 il əvvəl, sovet dövründə aparılan müşahidələrə əsasən, onların sayı 1 milyona yaxın idi. Sonradan bu rəqəm 100 minə qədər azaldı. Son illərdə isə say daha da kəskin şəkildə aşağı düşüb”.
Ekoloqun sözlərinə görə, suitilərin ölümünün bir neçə səbəbi var:
“Bunlardan biri müxtəlif bakterioloji və yoluxucu xəstəliklərin yayılmasıdır ki, bu da dəniz mühitində tez-tez müşahidə olunur. Digər mühüm amil qida çatışmazlığıdır. Suitilər əsasən kilkə ilə qidalanır, lakin bu balıq növünün sayı da xüsusilə 1980-ci illərdən etibarən ciddi şəkildə azalıb. Bu isə qida zəncirinin pozulmasına və suitilərin sayının toplu azalmasına səbəb olub. Bundan əlavə, suitilərin balıq torlarına düşməsi, brakonyerlik halları da onların məhvinə təsir edir”.
S.Həsənov deyir ki, əsas səbəblərdən biri dənizin çirklənməsidir:
“ Neft və qaz sızıntıları, həmçinin çirkab sularının dənizə axıdılması suitilərin ölümünə gətirib çıxarır. Bütün bu amillər Xəzərdə suitilərin sayının sürətlə azalmasına səbəb olur”.
Lalə,
BakuPost