Hazırda ölkə ərazisində, Bakı-Abşeron yarımadasında, eyni zamanda bölgələrdə yağışlı hava şəraiti müşahidə olunur.
"Bakupost" xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensivdir:
“Belə hava şəraitinin bugün, sentyabrın 8-i Bakı və Abşeron yarımadasında davam edəcəyi, axşama doğru tədricən kəsəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir”.
G.Məmmədova bildirib ki, eyni zamanda bölgələrdə də yağışlı hava şəraiti müşahidə olunur.
“Belə yağışlı hava şəraiti 8-i axşama doğru tədricən kəsəcək. 9-da əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 25-28, dağlıq ərazidə 15-18 dərəcə isti olacaq”, - o vurğulayıb.