Qlobal enerji bazarlarında müşahidə olunan dalğalanma müxtəlif regionlarda fərqli təsirlərlə özünü göstərir. Dubayda yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranması təchizatla bağlı problemlərin dərinləşdiyini göstərir. ABŞ-da isə yanacaq qiymətlərinin 4 dollar səviyyəsinə yüksəlməsi məsələni siyasi müzakirələrin mərkəzinə çıxarıb.
Bakupost.az Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova bu dalğalanmalar əsasən İranda Hörmüz boğazının bağlanması və OPEK ölkələrinin neft hasilatını azaltması kimi amillərlə bağlı olduğunu bildirib.
“Ümumilikdə, idxalçı ölkələrdə enerji qiymətlərində təxminən 20-25 faiz artım qeydə alınıb. Bu ölkələrdə uzun növbələrin yaranmasının əsas səbəbi isə vətəndaş davranışı və psixoloji amillərlə əlaqədardır. Oxşar vəziyyət bir müddət əvvəl Azərbaycanda da müşahidə olunmuşdu. Belə ki, enerji qiymətlərinin artacağı barədə əvvəlcədən verilən açıqlama yanacaqdoldurma məntəqələrində sıxlığa səbəb oldu. Bu hal iqtisadi baxımdan “şok effekti” kimi qiymətləndirilir və vətəndaşların panik reaksiyası ilə izah olunur. Əslində, bir avtomobilin yanacaq ehtiyatı qısa müddət üçün kifayət edir və sonrakı mərhələdə vətəndaş yenə də yeni qiymətlərlə yanacaq almağa məcbur olur. Buna baxmayaraq, qiymət artımı və ya endirim xəbərləri kütləvi davranışa səbəb olur, nəticədə insanlar daha ucuz əldə etmək düşüncəsi ilə tələsik qərarlar verirlər. Eyni psixoloji yanaşma digər məhsullar üzrə də müşahidə olunur. Endirim, yaxud qiymət artımı ilə bağlı məlumatlar alıcı davranışına birbaşa təsir edir və bazarda süni tələbat yaradır”.
İqtisadçı bildirib ki, gərginlik azalacağı təqdirdə enerji qiymətlərində müəyyən qədər geriləmə mümkündür:
“Orta müddətli proqnozlar bunu istisna etmir, lakin uzunmüddətli perspektivdə qiymətlərin necə dəyişəcəyi yeni geosiyasi və iqtisadi amillərdən asılı olacaq. Bundan əlavə, enerji qiymətlərinin artması təkcə yanacaq bazarına deyil, ümumilikdə iqtisadiyyata təsir göstərir. Nəqliyyat xərclərinin yüksəlməsi məhsulların istehsal və daşınma qiymətini artırır ki, bu da son nəticədə bazarda qiymət artımına səbəb olur”.