Ru
15:39 / 04 May 2026

Yardımlıda bu mövzuda konfrans keçirildi - VİDEO

Yardımlıda bu mövzuda konfrans keçirildi - VİDEO
Eye

02 may 2026cı il tarixində Yardımlı rayonunun Perimbel kəndində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi və “Yardımlı Rayon Mərkəzi Xəstəxanası”-nın təşkilatçılığı ilə “Dağlıq ərazilərdə ürəkdamar sağlamlığı – Yardımlı Regional Elmi-Praktik Konfransı” keçirilib. Açıq hava formatında təşkil olunan tədbirin əsas məqsədi dağlıq və ucqar ərazilərdə yaşayan əhalinin ürəkdamar sağlamlığının qorunması, risk faktorlarının erkən aşkarlanması və təcili kardioloji halların idarə olunması sahəsində regional əməkdaşlığın gücləndirilməsi olub.

Bakupost.az xəbər verir ki, tədbir Yardımlı rayonunun Mirimli kəndindən olan tibb işçisi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş baş çavuş Cavid Zeynalov Vaqif oğlunun əziz xatirəsinə həsr edilib. Açılış və bağlanış çıxışlarında şəhid tibb işçisinin xatirəsi ehtiramla anılıb, onun timsalında həm ön cəbhədə, həm də arxa cəbhədə fəaliyyət göstərən tibb işçilərinin fədakarlığı xüsusi vurğulanıb.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ürəkdamar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi Dr. Rəşad Mahmudov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kardiologiya üzrə mütəxəssiseksperti, tibb üzrə fəlsəfə doktoru, uzman invaziv kardioloq Dr. Ülvi Mirzoyev, Lənkəran, Masallı, Astara, Lerik və Yardımlı rayonlarının səhiyyə rəhbərləri, TƏBİB tabeliyində olan tibb müəssisələrinin nümayəndələri, kardioloqlar, ailə həkimləri, terapevtlər, təcili tibbi yardım həkimləri, pediatrlar və digər mütəxəssislər iştirak ediblər.

Tədbirin rəsmi açılışında “Yardımlı Rayon Mərkəzi Xəstəxanası”-nın direktoru Ravil Qənbərov və Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının müavini Miramil Səmədli çıxış edərək dağlıq ərazilərdə ürəkdamar xəstəlikləri yükünün azaldılması, ilkin səhiyyə xidməti, təcili tibbi yardım və kardioloji xidmətlər arasında koordinasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Konfrans çərçivəsində keçirilən xüsusi plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ürəkdamar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi Dr. Rəşad Mahmudov kliniki protokolların səhiyyə sisteminə inteqrasiyası və Azərbaycan həkiminin peşəkar inkişaf trayektoriyası mövzusunda məruzə ilə çıxış edib.

Elmi proqram çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kardiologiya üzrə mütəxəssiseksperti, tibb üzrə fəlsəfə doktoru, uzman invaziv kardioloq Dr. Ülvi Mirzoyev və digər mütəxəssislər tərəfindən dağlıq və ucqar ərazilərdə ürəkdamar sağlamlığı xidmətinin təşkili, kardiovaskulyar risk faktorlarının erkən aşkarlanması, ilkin səhiyyədə skrininq alqoritmləri və pasiyent yönləndirilməsi, EKQ və exokardioqrafiyanın regional praktikada tətbiqi, təcili kardioloji hallarda qərarvermə, qadınlar və uşaqlarda ürəkdamar riskləri, eləcə də dağ mühitinin (hipotermiya, hipertermiya, yüksəklik) kardiovaskulyar sistemə təsiri mövzuları təqdim olunub. Sessiyalar zamanı real klinik hallar əsasında praktiki tövsiyələr səsləndirilib.

Konfransın praktiki hissəsi çərçivəsində risk qrupuna aid yerli sakinlər üçün EKQ və Exo müayinələri aparılıb, triaj prinsipləri əsasında qiymətləndirmə həyata keçirilib və ehtiyacı olan pasiyentlərin müvafiq ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi təmin edilib. Bu blok dağlıq və sərhədyanı ərazilərdə skrininq və erkən diaqnostikanın təşkili üçün model kimi təqdim olunub.
TƏBİB rəhbərliyinə və Yardımlı rayon mərkəzi xəstəxanası əməkdaşlarına göstərdikləri institusional dəstəyə, eləcə də Lənkəran, Masallı, Astara, Lerik və Yardımlı rayonlarının səhiyyə rəhbərlərinə, spikerlərə və bütün iştirakçılara konfransa verdikləri töhfəyə görə təşəkkür edilir və gələcəkdə də dağlıq və ucqar ərazilərdə ürəkdamar sağlamlığının qorunması istiqamətində birgə təşəbbüslərin davam etdiriləcəyi bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar